Albaniyanın paytaxtı Tiranada qeyri-olimpiya çəkiləri üzrə dünya çempionatı davam edir.
İdman.biz xəbər verir ki, bu gün mundialda sərbəst güləşçilər mübarizəyə başlayıb.
Azərbaycan güləşçiləri 4 çəki dərəcəsində xalçaya çıxıblar.
Dünya çempionatı
Sərbəst güləş
61 kq
Nurəddin Novruzov 1/8 finalda Ahmet Dumanla (Türkiyə) üz-üzə gəlib. Görüş rəqibin 14:4 hesablı qələbəsi ilə başa çatıb. Duman finala yüksəldiyindən Novruzov təsəlliverici görüşə qatılacaq. Onun rəqibi Peter Hammer (Kosta-Rika) olacaq.
70 kq
Kənan Heybətov ilk mərhələdə Maniş Qoşvamiyə (Hindistan) tam üstünlüklə (10:0) qalib gələrək 1/8 finala vəsiqə qazanıb. O, bu mərhələdə İnalbek Şeriyevə (AİN) uduzub - 2:13.
79 kq
Orxan Abasov startda ermənistanlı Arman Avaqyanla güləşib. Təmsilçimiz rəqibini xalçaya çıxmağa peşman edib və 4:0 hesabı ilə qələbə qazanıb. Orxan 1/8 finalda Maqomed Maqomayevə (AİN) 1:7 hesabı ilə məğlub olub. Rəqib finala vəsiqə qazandığından Abasov təsəlliverici görüşdə Suldxu Olonbayarla (Monqolustan) gücünü yoxlayacaq.
92 kq
Abubakr Abakarov ilk qarşılaşmasında Redjeb Haydari ilə (Şimali Makedoniya) münasibətinə aydınlıq gətirib. Təmsilçimiz tam üstünlüklə (10:0) qalib gələrək 1/8 finala yüksəlib. Abakarov növbəti görüşündə Abdulraşid Sadullayevə (AİN) 1:3 hesabı ilə uduzub. Rəqibi finala yüksəldiyindən Abubakr bürünc şansını davam etdirəcək. O, təsəlliverici görüşdə Devid Teylorla (ABŞ) yarışacaq.
Qeyd edək ki, mundialda yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) qızıl medal qazanıb.
İdman.biz