Azərbaycan millisinin yunan-Roma güləşçisi, üçqat dünya çempionu Eldəniz Əzizlinin (55 kq) İdman.biz saytına müsahibəsi
- Dünya çempionatında ilk dəfə olaraq komanda hesabında birinci olduz. Bu mərhələli gələn bir uğur oldu. Möhtəşəm uğurun sirri nədədir?
- Bu dünya çempionatı bizim üçün çox möhtəşəm keçdi. Uğurun əsas sirri bütün idmançılar, məşqçilər korpusunun ailə kimi olmasıdır. Bir-birimizin uğuruna sevinir, kədərinə üzülürük. Çox mehribanıq. Eyni zamanda, komanda təcrübəlilərlə gəncləri vəhdətini təşkil edir. Belə olanda biz gənc idmançılarımıza məsləhətlər də veririk. Onlar da sağ olsunlar ki, bizə qulaq asırlar. Bu səbəbdən də komanda şəklində uğur qazanmağa nail oluruq.
- Finalda gürcüstanlı Nuqzari Tsurtsumiyanı məğlub etdin. Ötən il həm Avropa, həm də dünya çempionatlarının finalında da ona qalib gəlmişdin. Onu artıq sənin üçün asan rəqib hesab etmək olar?
- O, həqiqətən də yaxşı güləşçidir və bir çox yarışların qalibidir. Özü də mənə deyir ki, heç kimə məğlub olmuram, yalnız sənə uduzuram. Düzdür, ona 3 dəfə finalda qalib gəlmişəm, amma bu, həmişə onu üstələyəcəm demək deyil. Güləşdir, bilmək olmaz. Amma hazırda ondan daha yaxşı formadayam.
- 31 yaşında ardıcıl 2-ci dünya çempionluğunu qazandın. Sanki yaş üstə yaş gəldikcə uğurlar artır. Bu komanda yoldaşın Rafiq Hüseynovda da belədir. Yaşlandıqca titulları sıralamağı necə şərh edərdiz?
- Təbii ki, bizim yaşımız az olmasa da, gənclərdən geri almırıq. Həm Rafiq, həm də mən yeməyimizə, idman rejimimizə digər idmançılarla müqayisədə daha çox fikir veririk. Ona görə də düşünürəm ki, təcrübəmiz, rejimimiz və məşqlərdə məsuliyyətlə çalışmağımızla birləşdikdə qələbələri gətirir.
- Bəs dünya çempionatında səni ən məyus edən kim oldu?
- Bütün komanda ilə fəxr edirəm. Hər biri yaxşı nəticə üçün əlindən gələni etdi. Təbii ki, bu güləşdir, birimizdə alınır, digərimizdə alınmır. Amma məni ən çox təəccübləndirən Ülvi Qənizadə oldu. O, çox potensiallı idmançıdır. Düşünürdüm ki, qalib gələ bilər. Bəzi nüanslar buna mane oldu. Gələcəkdə ondan qələbələr gözləyirəm. Bundan əlavə, məni İslam Abbasovun çıxışı üzdü. O, lisenziyanın bir addımlığında idi və rahat ala bilərdi. Qazaxıstanlı rəqibi ilə döyüşdə elə bir vəziyyət alındı ki, vəsiqəni əldən verdi. Çox istərdim ki, o da lisenziya qazansın.
- 3-cü dəfə dünya çempionu olduqdan sonra çəki dərəcəni dəyişib, 60-kq-da güləşəcəyini bildirmişdin. Artıq növbəti yarışlarda sizi yeni çəkidə görəcəyik?
- Düşünürəm ki, Olimpiya çəkisi - 60 kq-da çıxışı yoxlamaq olar. Lisenziya görüşlərində mübarizə aparmaq mümkündür. Amma hələ məşqlərə qayıtmamışıq. Buna məşqçilərlə birlikdə qərar verəcəyik.
Emin Ağa
İdman.biz