Güləşçimiz Hacı Əliyev RAF-da ikinci məğlubiyyətini alıb - VİDEO

19 Sentyabr 2026 11:36
175
Güləşçimiz Hacı Əliyev RAF-da ikinci məğlubiyyətini alıb

Azərbaycanlı güləşçi Hacı Əliyev peşəkar güləş liqasının "Real American Freestyle" (RAF) ikinci görüşünü keçirib.

İdman.Biz xəbər verir ki, 35 yaşlı idmançı ABŞ-nin Mayami şəhərində keçirilən RAF 13 turnirində mübarizə aparıb.

Əliyevin yüngül çəkidə rəqibi ABŞ-li Cakori Teymer olub. Görüş 9:6 hesabı ilə Teymerin qələbəsi ilə başa çatıb. 26 yaşlı ABŞ-li üçün bu, RAF-da ilk görüş olub.

İlk hissə Teymerin üstünlüyü ilə keçib. Bir dəqiqə ərzində xal qazanılmadıqdan sonra Əliyev 30 saniyəlik aktivlik sayğacına salınıb və Teymer ilk xalını qazanıb. Hissənin sonlarına yaxın Əliyev rəqibinin ayaqlarına hücum etməyə çalışsa da, Teymer müdafiə olunaraq üstünlüyünü 3:0-a çatdırıb.

İkinci hissədə ABŞ-li hesabı 5:0-a çatdırıb. Bundan sonra Əliyev fəallaşaraq bir epizodda 4 xal qazanıb və hesabı 4:5-ə çatdırıb. Lakin görüşün gedişatını dəyişmək mümkün olmayıb və Teymer 9:6 hesabı ilə qalib gəlib.

Beləliklə, Əliyev RAF-da keçirdiyi iki görüşün hər ikisində məğlub olub. Azərbaycanlı güləşçi iyunda RAF 10 turnirində debüt edib və Puerto-Rikonu təmsil edən Sebastyan Riveraya 5:9 hesabı ilə uduzub.

RAF 13-ün əsas görüşündə Kolbi Kovinqton RAF Crossover çempionluq kəmərini qoruyub. O, Belal Məhəmmədi texniki üstünlüklə 10:0 hesabı ilə məğlub edib. Gecənin digər əsas görüşündə isə Həmzət Çimayev Gilbert Börnsi 15:4 hesabı ilə vaxtından əvvəl məğlub edib.

İdman.Biz