Böyüklər arasında çimərlik güləşi üzrə kişi yığmamızın Azərbaycan tarixində ilk dəfə komanda hesabında dünya çempionu olması xüsusi əhəmiyyət daşıyır.
Bunu İdman.Biz-ə milli komandanın baş məsqçisi Oyan Nəzəriani deyib.
“İki qızıl və üç bürünc medal qazandıq. Çimərlik güləşində hər çəki dərəcəsində üç idmançının iştirakına icazə verilir. Biz yalnız 80 kiloqram çəki dərəcəsində iki idmançı ilə təmsil olunduq və onların hər ikisi medal qazandı. Onlardan biri dünya çempionu oldu, digəri isə üçüncü yeri tutdu. Düşünürəm ki, bu nəticələr Azərbaycanda çimərlik güləşinin inkişaf etdiyini və idmançılarımızın beynəlxalq arenada rəqabət qabiliyyətinin artdığını göstərir. Əldə etdiyimiz nəticələr gələcəkdə bu idman növündə daha böyük uğurlar qazanmaq üçün bizə əlavə motivasiya verir”, - deyə o vurğulayıb.

Mütəxəssis qeyd edib ki, bu mövsüm yığmamız üçün çox uğurlu keçdi. O xatırladıb ki, yeniyetmələrdən ibarət U-17 komandamız Avropa çempionu oldu. Daha sonra Bakıda keçirilən dünya çempionatında U-17 oğlanlardan ibarət yığmamız İran millisi ilə eyni xal və eyni medal əyarı ilə 85 xalla ikinci yeri tutdu. Həmçinin, qızlardan ibarət U-17 komandamız da dünya çempionu oldu.
“Mövsüm ərzində çoxlu yaddaqalan məqamlar oldu. Ən önəmlisi, həm yeniyetmələr, həm də böyüklər arasında komanda olaraq yüksək nəticələr əldə etməyimizdir. Böyüklərdən ibarət kişi yığmamızın komanda hesabında dünya çempionu olması isə düşünürəm ki, bu mövsümün ən yaddaqalan nəticəsidir”, - deyə o əlavə edib.
Mövsüm ərzində Azərbaycan idmançıların göstərdiyi nəticələrə görə Dünya Güləş Birliyi Oyan Nəzərianini çimərlik güləşində ilin ən yaxşı məşqçisi seçib. Nəzərianinin sözlərinə görə, bu mükafat böyük komandanın çəkdiyi əziyyətin nəticəsidir:
“İlin ən yaxşı məşqçisi seçilmək, təbii ki, çox yaxşı və qürurverici hissdir. Ancaq mən bu mükafatı təkcə öz adıma deyil, komandamızın adına qəbul edirəm. Düşünürəm ki, heç bir uğur böyük komanda dəstəyi olmadan mümkün deyil. Bu baxımdan, ilk növbədə bizə dəstək olan Azərbaycan Güləş Federasiyasına, eləcə də Gənclər və İdman Nazirliyinə təşəkkürümü bildirirəm. Bu il bizə yaradılan şərait, məşqlərimizin yüksək səviyyədə təşkili, təlim-məşq toplanışları və ölkəmizdə keçirilən dünya çempionatları komandamıza əlavə güc verdi. Eyni zamanda, bu dəstək idmançılarımızın həm mental, həm də fiziki hazırlığına müsbət təsir göstərdi. Azərbaycanda qazandığımız yüksək reytinq xalları da dünya çempionu olmağımıza böyük töhfə verdi. Ona görə də bu mükafatı bütün komandamızın əməyinin nəticəsi kimi qiymətləndirirəm”.

Oyan Nəzəriani qeyd edib ki, bu il yığmamızı daha bir məsul yarış gözləyir - noyabr ayında Seneqalın Dakar şəhərində keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunları.
“Hazırda ən yaxın hədəfimiz həmin yarışdır. İdmançılarımızı bu mötəbər turnirə ən yüksək səviyyədə hazırlamağa çalışacağıq. Gələn il də əsas məqsədimiz yığma komandamızı hazırlamaq və Azərbaycanı beynəlxalq arenada mümkün qədər yüksək səviyyədə təmsil etməkdir. Qarşıdakı yarışlarda da uğurlu nəticələr qazanmaq üçün bütün imkanlarımızı səfərbər edəcəyik”, - deyə o fikirlərini yekunlaşdırıb.
