Azərbaycanın çimərlik güləşi üzrə milli komandası Yunanıstanın Katerini şəhərində keçirilən Dünya Seriyasının final mərhələsində uğurlu çıxış edib.
İdman.Biz xəbər verir ki, baş məşqçi Oyan Nəzərianinin rəhbərlik etdiyi yığmamız sentyabrın 26-27-də keçirilən yarışda üç qızıl və iki bürünc medal qazanıb.
Vüsal Əliyev (80 kq), Əşrəf Aşırov (90 kq) və Camal Feyziyev (+90 kq) öz çəki dərəcələrində bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib olublar. Rübail İbrahimli (70 kq) və Sahib Dadaşov (80 kq) isə bürünc medal qazanıblar.
Azərbaycan millisi final mərhələsində 90 xal toplayaraq komanda hesabında birinci yeri tutub.
Dünya Seriyasının beş mərhələsi üzrə toplanan ümumi xalların yekununa əsasən dünya çempionları da müəyyənləşib. Vüsal Əliyev 80 kq çəki dərəcəsində karyerasında ikinci dəfə dünya çempionu titulunu qazanıb. Bu il çimərlik güləşində debüt edən Əşrəf Aşırov isə 90 kq-da eyni uğura imza atıb.
Rübail İbrahimli 70 kq, Sahib Dadaşov 80 kq, Camal Feyziyev isə +90 kq çəki dərəcəsində dünya üçüncüsü olublar.
Beləliklə, iki qızıl və üç bürünc medal qazanan Azərbaycan millisi komanda hesabında tarixində ilk dəfə dünya çempionu adını qazanıb.
Azərbaycan yığmasının mövsüm ərzində göstərdiyi nəticələr Dünya Güləş Birliyinin (UWW) də diqqətindən yayınmayıb. UWW Oyan Nəzərianini çimərlik güləşində ilin ən yaxşı məşqçisi seçib. Xüsusi mükafatı ona UWW-nin Çimərlik Güləşi Komitəsinin prezidenti Pedro Silva təqdim edib.
Qeyd edək ki, yarışda I-S dərəcəli hakim Asif Şirəliyev də ədaləti qoruyub.
