Türkiyənin “Yıldırım Belediyespor” klubunun 13 yaşlı güləşçisi Yusuf Taha Turp vəfat edib.
İdman.Biz xəbər verir ki, gənc idmançının sentyabrın 26-da İstanbulda Yağlı Güləş üzrə Prezident Kubokunu izləyərkən halı pisləşib. O, Kanuni Sultan Süleyman Təhsil və Araşdırma Xəstəxanasına çatdırılıb. Müayinələr zamanı beyninə qan laxtası düşdüyü müəyyənləşdirilib.
Reanimasiya şöbəsində müalicə olunan Yusuf Taha Turpun həyatını xilas etmək mümkün olmayıb və bu gün dünyasını dəyişib.
Yusuf Taha Turp bu il keçirilən U-13 Türkiyə çempionatında həm sərbəst, həm də yunan-Roma güləşi üzrə çempion olub. O, Bursa şəhərindəki Adnan Menderes İmam Hatip Orta Məktəbinin səkkizinci sinif şagirdi idi.
