Camal Feyziyev: “Doğma məkanda və azarkeşlərimiz önündə çempion oldum” - FOTO

2 Sentyabr 2026 19:44
89
Camal Feyziyev: “Doğma məkanda və azarkeşlərimiz önündə çempion oldum”

Azərbaycanın çimərlik güləşçisi Camal Feyziyev (+90 kq) Bakıda Dünya seriyasının IV mərhələsinin çempionu olmasına görə çox sevinib.

İdman.Biz Güləş Federasiyasının mətbuat xidmətin istinadən xəbər verir ki, idmançı daha əvvəl yunan-Roma güləşi ilə məşğul olduğunu söyləyib:

“Gücümü digər güləş növlərində, eləcə də cüdo və sumoda sınamışam. Sumo üzrə 10 qat Avropa çempionuyam. Çimərlik güləşi sumoya çox bənzəyir. Elə bu yarışın finalında qarşılaşdığım ukraynalı Vaja Dayauri ilə daha öncə sumoda 5 dəfə üz-üzə gəlmişəm. Bunların üçündə mən qalib gəlmişəm. Rəqib sumo üzrə dünya çempionudur. Sevindirici haldır ki, doğma məkanda və azarkeşlərimiz önündə güclü rəqibə qalib gələrək çempion oldum”.

Camal Feyziyev yarışın yüksək səviyyədə təşkil olunduğunu qeyd edib:

“Federasiya rəhbərliyinin mənə inamı və böyük dəstəyi var idi. Hərbi xidməti apreldə bitirdiyim üçün Dünya seriyasının ilk yarışlarında iştirak edə bilmədim. Baş məşqçimiz Oyan Nəzərianinin rəhbərliyi altında keçdiyimiz 2 aylıq təlim-məşq toplanışı sayəsində bu uğura imza ata bildim. Növbəti hədəfim Yunanıstanda keçiriləcək Dünya seriyasının final mərhələsində qalib gələrək dünya çempionu olmaqdır”.

Qeyd edək ki, Azərbaycanın çimərlik güləşçiləri Bakıda keçirilən Dünya Seriyasının IV mərhələsində 7 medal qazanıblar. Vüsal Əliyev (80 kq), Əşrəf Aşırov (90 kq) və Camal Feyziyev (+90 kq) qızıl medala sahib çıxıblar. Sahib Dadaşov (80 kq) və Nərgiz Səmədova (60 kq) gümüş medal qazanıblar. Cavid Niftəlizadə (80 kq) və Ramiz Həsənov (90 kq) isə turniri bürünc medalla başa vurublar.

Kişilərdən ibarət Azərbaycan millisi 84 xalla komanda hesabında birinci olub.

İdman.Biz