Hacı Əliyev: “İlk dəfə məşqçi kimi dünya çempionatında iştirak edəcəyəm”

22 İyul 2026 12:06
129
Hacı Əliyev: “İlk dəfə məşqçi kimi dünya çempionatında iştirak edəcəyəm”

17 yaşadək sərbəst güləşçilərdən ibarət Azərbaycan millisinin böyük məşqçisi Hacı Əliyev dünya çempionatı öncəsi hazırlıq prosesi və qarşıdakı yarış barədə fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, üçqat dünya və dördqat Avropa çempionu bu barədə yarış öncəsi keçirilən brifinqdə danışıb.

Hacı Əliyev ilk dəfə məşqçi kimi dünya çempionatında iştirak edəcəyini bildirib:

“İlk dəfədir ki, dünya çempionatında məşqçi kimi iştirak edəcəyəm. Bu, mənim üçün ağır imtahandır, amma belə bir yarış qətiyyən gözümü qorxutmur”.

Milli komandanın məşqçisi təxminən iki aydır bu vəzifədə çalışdığını qeyd edib:

“Dünya çempionatı ilə bağlı sonuncu təlim-məşq toplanışımızı keçiririk. İki aya yaxındır milli komandanın məşqçisi təyin olunmuşam. Bu qısa müddətdə artıq üçüncü təlim-məşq toplanışımızdır.

Nə qədər yaxşı hazırlaşsaq da, dünya çempionatının çox çətin yarış olduğunu bilirik. Xüsusilə güləşdə rəqiblər çox güclüdür. Rusiya, ABŞ, İran və Yaponiya güləşçiləri var. Buna baxmayaraq, komandamızın çox yaxşı hazırlaşdığını düşünürəm. İdmançılar üçün yaradılan şərait də yüksək səviyyədə olub. Fikrimcə, güləşçilərimiz yaxşı nəticələr əldə edəcəklər”.

Hacı Əliyev məşqçilik karyerasında ilk böyük sınağın onu narahat etmədiyini vurğulayıb:

“Özüm idmançı kimi çoxlu dünya çempionatlarında iştirak etmişəm. Buna görə məşqçi kimi belə bir yarışa yollanmaq gözümü qorxutmur. İdmanda məğlubiyyət də ola bilər, amma məğlubiyyət bizi heç vaxt qorxutmur. Məqsədimiz gələcək nəsillər üçün sağlam çempionlar və olimpiya çempionları yetişdirməkdir”.

Qeyd edək ki, güləş üzrə U-17 dünya çempionatı iyulun 27-dən avqustun 2-dək Milli Gimnastika Arenasında keçiriləcək.

Dünya Güləş Birliyi (UWW) tərəfindən təsdiqlənmiş yekun iştirakçı siyahısına əsasən, mötəbər yarışda 663 idmançı, 272 məşqçi, 64 beynəlxalq hakim iş başında olacaq. Ümumilikdə 1100-dən artıq qonaq dünya çempionatı ilə bağlı Azərbaycana təşrif buyuracaq.

İdman.Biz