Namiq Abdullayev: “İnanıram ki, idmançılarımız xalqımızı sevindirəcəklər”

22 İyul 2026 11:21
117
Namiq Abdullayev: “İnanıram ki, idmançılarımız xalqımızı sevindirəcəklər”

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, 2000-ci il sərbəst güləş üzrə Olimpiya çempionu Namiq Abdullayev Bakıda keçiriləcək U-17 dünya çempionatına hazırlıq və yaradılan şərait barədə danışıb.

İdman.Biz xəbər verir ki, qurum rəsmisi komandaların açıq məşqində açıqlama verib.

Abdullayev yarışda iştirak edəcək Azərbaycan güləşçilərinə uğurlar arzulayıb:

“Komandalarımıza yarışda uğurlar arzulayıram. Azərbaycan Güləş Federasiyası idmançılar üçün hər şəraiti yaradıb. Tələbələrimin tələbələrinin çempion olmasını istəyirəm. Güləşçilərimiz əzmkarlıq göstərəcəklər”.

Federasiya rəsmisi doğma meydanda çıxış etməyin əlavə motivasiya verdiyini vurğulayıb:

“Doğma arenada da bayrağımız dalğalanacaq, himnimiz səslənəcək. Bu yarış güləşçilərimiz üçün bir şansdır. Qələbələri bol olsun. İnanıram ki, idmançılarımız xalqımızı sevindirəcəklər”.

Namiq Abdullayev Azərbaycan Güləş Federasiyasına və digər qurumlara təşəkkür edib:

“Azərbaycan Güləş Federasiyasının göstərdiyi diqqət və qayğıya görə minnətdaram. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinə də təşəkkür edirəm”.

Qeyd edək ki, güləş üzrə U-17 dünya çempionatı iyulun 27-dən avqustun 2-dək Milli Gimnastika Arenasında keçiriləcək.

Dünya Güləş Birliyi (UWW) tərəfindən təsdiqlənmiş yekun iştirakçı siyahısına əsasən, mötəbər yarışda 663 idmançı, 272 məşqçi, 64 beynəlxalq hakim iş başında olacaq. Ümumilikdə 1100-dən artıq qonaq dünya çempionatı ilə bağlı Azərbaycana təşrif buyuracaq.

İdman.Biz