“U-17 dünya çempionatında son 20 ilin rekordu qeydə alınacaq”.
İdman.Biz xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının baş katibi Pərvin Piriyev Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatının iştirakçıları ilə bağlı danışarkən bildirib.
Federasiya rəsmisi turnirdə iştirakçı sayı baxımından son 20 ilin rekordunun qeydə alınacağını vurğulayıb:
“Hər kəs Azərbaycana gəlmək istəyir. Bu, dövlətimizin idman siyasətinin nəticəsidir”.
Pərvin Piriyev yarışın əsas məqsədlərindən birinin gənc idmançıların inkişafına töhfə vermək olduğunu qeyd edib. O, gələcək nəsil güləşçilərin yetişdirilməsinin əsas prioritetlərdən biri olduğunu bildirib:
“Hədəfimiz hər zaman yüksəkdir. Əsas hədəfimiz idmançılarımızın fiziki və mənəvi sağlamlığını qorumaqdır. Çünki bu idmançılarımızın hamısı gəncdir və yolun başlanğıcındadırlar. Əsas prioritet gələcək milli komanda üçün mental və fiziki baxımdan hazırlıqlı güləşçilər yetişdirməkdir”.
Qeyd edək ki, güləş üzrə U-17 dünya çempionatı iyulun 27-dən avqustun 2-dək Milli Gimnastika Arenasında keçiriləcək.
Dünya Güləş Birliyi (UWW) tərəfindən təsdiqlənmiş yekun iştirakçı siyahısına əsasən, mötəbər yarışda 663 idmançı, 272 məşqçi, 64 beynəlxalq hakim iş başında olacaq. Ümumilikdə 1100-dən artıq qonaq dünya çempionatı ilə bağlı Azərbaycana təşrif buyuracaq.
