Azərbaycan millisinin liderləri üçün Budapeşt sınağı - İDMAN.BİZ-in İCMALI

8 İyul 2026 11:44
106
Azərbaycan millisinin liderləri üçün Budapeşt sınağı - İDMAN.BİZ-in İCMALI

İyulun 15-dən 19-dək Budapeştdə Beynəlxalq Güləş Federasiyasının(UWW) “Polyak Imre, Varga Janos & Kozma Istvan Memorial” reytinq turniri keçiriləcək.Bu yarış 2026-cı ilin yayında Azərbaycan güləşçiləri üçün ən vacib turnir hesab olunur.

İdman.Biz xəbər verir ki, ilkin sifarişlərə əsasən Azərbaycan millisi üç növ üzrə - sərbəst, yunan-Roma və qadın güləşində ümumilikdə 22 idmançı ilə təmsil olunacaq.

Komandalar yarışın müvafiq növü başlamazdan 72 saat əvvələ qədər heyətdə dəyişiklik edə bilərlər. Xüsusi maraq doğuran məqam isə olimpiya çəki dərəcələridir. Çünki məhz bu çəkilər qarşıdakı olimpiya dövründə həlledici əhəmiyyət daşıyacaq.

Macarıstandakı turnirdə Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziyalar verilməyəcək. Lakin Ranking Series yarışları UWW-nin cari reytinqinə, püşkatmaya və idmançıların statusuna təsir göstərir. Bu səviyyəli turnirdə çempion olan güləşçi 8000, gümüş medalçı 6400, bürünc medalçı isə 5200 reytinq xalı qazanır. Artıq gələn ildən etibarən reytinq turnirlərinin nəticələri olimpiya təsnifat reytinqinin formalaşdırılmasında nəzərə alınacaq. Məlum olduğu kimi, dünya çempionatı və təsnifat turnirləri vasitəsilə vəsiqə qazana bilməyənlər arasında hər çəki üzrə reytinqdə ilk üç yeri tutan güləşçi Los-Anceles-2028-ə vəsiqə əldə edəcək.

Sərbəst güləş: əsas gözləntilər

57 kq çəki dərəcəsində hazırkı Avropa çempionu İslam Bazarqanov mübarizə aparacaq. Qitə çempionatındakı qızıl medaldan sonra o, Budapeştə artıq sadəcə iddiaçı kimi deyil, çəkinin əsas liderlərindən biri kimi yollanır. Onun rəqibləri arasında Belarus təmsilçisi Ariyan Tyutrin, gürcü Roberti Dinqaşvili, kanadalı Timoti Levin, amerikalı Entoni Noks və Qazaxıstanın bir neçə nümayəndəsi yer alır. Bazarqanov üçün bu yarış Avropa çempionatındakı uğurun təsadüfi olmadığını sübut etmək baxımından yaxşı imkandır.

65 kq-da Rəşid Babazadə iştirak edəcək. Bu, olimpiya çəkisi olduğundan əsas favorit sayılmasa belə, onun çıxışı milli daxilində rəqabət baxımından mühüm əhəmiyyət daşıyır. Burada Argentina təmsilçisi, dünya çempionatının mükafatçısı Aqustin Destribats, belaruslu Maqomedxan Maqomedxanov, Bəhreyni təmsil edən Alibeq Alibeqov, hindistanlı Mohit Kumar və Qazaxıstan güləşçiləri diqqət çəkirlər.

Komandanın liderlərindən biri olan Turan Bayramov 74 kq-da çıxış edəcək. Avropa çempionatlarının mükafatçısı və Olimpiya Oyunlarının iştirakçısı olan Bayramov bu mövsüm qitə çempionatının finalına qədər yüksəlib. Budapeştdə onu yenə çox ciddi rəqabət gözləyir. İlk növbədə dəfələrlə Avropa çempionu və dünya çempionatlarının mükafatçısı olan Slovakiya təmsilçisi Taymuraz Salkazanov. Bundan başqa, qeyri-olimpiya çəkisində dünya çempionu olmuş qazaxıstanlı Nurkoja Kaypanov, gürcü Georgi Elbakidze, macar Murad Kuramaqomedov və Bəhreyn təmsilçisi Maqomedrasul Asluyev də təhlükəli rəqiblər hesab olunurlar.

86 kq-da Arseni Cioyev mübarizə aparacaq. O, 2026-cı il Avropa çempionatının gümüş medalçısıdır. Bu çəki Azərbaycanın medal gözləyə biləcəyi kateqoriyalardan biridir. Əsas rəqibləri Gürcüstandan dünya və Avropa çempionatlarının mükafatçısı Vladimir Qamkrelidze, fransalı Rahim Maqamadov, iranlı Əli Savadkuhi, hindistanlı Mukul Dahiya və Qazaxıstan təmsilçiləridir. Cioyev üçün bu turnir olimpiya çəkisində mövqeyini möhkəmləndirmək baxımından vacibdir.

97 kq-da dünya çempionatında 92 kq-da gümüş medal qazanan Osman Nurməhəmmədov çıxış edəcək. O, Budapeştdə artıq olimpiya çəkisində mübarizə aparacaq. Burada yarışın ən güclü heyətlərindən biri toplanıb: Olimpiya və dünya çempionu, Bəhreyn təmsilçisi Əhməd Tajudinov, dünya çempionu Rizabek Aytmuxan (Qazaxıstan), dünya çempionatının mükafatçısı Dipak Puniya (Hindistan), slovak Batrbek Tsakulov, polyak Zbiqnev Baranovski və amerikalı Ceykob Kardenas. Nurməhəmmədov üçün bu yarış yeni olimpiya çəkisində ciddi sınaq olacaq.

125 kq-da əsas ümid Giorgi Meşvildişvilidir. Avropa çempionu və nüfuzlu beynəlxalq turnirlərin mükafatçısı olan güləşçini İtaliya təmsilçisi, Olimpiya mükafatçısı Abraxam Konyedo, ABŞ-dan dünya çempionatının mükafatçısı Meyson Parris, təcrübəli polyak Robert Baran, Bəhreyn təmsilçisi Şamil Şəripov, macar Vladislav Baytsayev və ukraynalı Yuri İdzinski gözləyirlər. Meşvildişvili üçün məqsəd aydındır – final uğrunda mübarizə aparmaq. Çünki dünya reytinqində lider statusu bunu tələb edir.

Qeyri-olimpiya çəkilərində də Azərbaycanın güclü nümayəndələri var. Nurəddin Novruzov 61 kq-da, Kənan Heybətov 70 kq-da, Cəbrayıl Hacıyev 79 kq-da, 2026-cı il Avropa çempionu Əli Tsokayev isə 92 kq-da çıxış edəcək. Novruzovun rəqibləri arasında Albaniya təmsilçisi, dünya çempionu Zelimxan Abakarov, Heybətovun rəqibləri sırasında təcrübəli macar İsmayıl Musukayev və Albaniya təmsilçisi İslam Dudayev, Hacıyevin qarşısında Belarusdan Olimpiya mükafatçısı Maqomedhəbib Kadzimaqomedov və Slovakiya təmsilçisi Axsarbek Qulayev, Tsokayevin çəkisində isə Qazaxıstanın aparıcı güləşçilərindən Azamat Dauletbekov, bolqar Əhməd Batayev və gürcü Miriani Maisuradze yer alırlar.

Yunan-Roma güləşi: əsas lidersiz, amma çox çətin püşk

Yunan-Roma güləşində diqqət çəkən əsas məqam Həsrət Cəfərovun turnirdə iştirak etməməsidir. Olimpiya mükafatçısı və dəfələrlə Avropa çempionu olan güləşçi sifariş ərizəsinə daxil edilməyib.

Olimpiya çəkisi olan 60 kq-da Azərbaycanı Elmir Əliyev və Nihad Quluzadə təmsil edəcəklər. Burada çox çətin rəqiblər var: dünya çempionu və Olimpiya mükafatçısı Jolaman Şarşenbekov (Qırğızıstan), Avropa çempionu Denis Mixay (Rumıniya), onun həmyerlisi Razvan Arnaut, türkiyəli Enes Başar, eləcə də Rusiya təmsilçiləri Anvar Allahyarov və Sadıq Lalayev. Belə rəqabətdə yarımfinal mərhələsinə yüksəlmək belə Azərbaycan güləşçiləri üçün ciddi uğur sayılacaq.

67 kq-da Məhəmməd Şükürzadə mübarizə aparacaq. Onun rəqibləri arasında Ermənistan təmsilçisi, dünya çempionatının mükafatçısı Slavik Qalstyan, təcrübəli xorvatiyalı Dominik Etlinger, Avropa çempionu Murat Fırat (Türkiyə), qazaxıstanlı Meyirjan Şermaxanbet, özbək Aytjan Xalmaxanov, eləcə də Rusiya təmsilçiləri Danial Ağayev, Dinislam Bammatov və Ruslan Biçurin var.

97 kq-da Arif Niftullayevə də böyük ümidlər bəslənir. Onun çəkisində Olimpiya çempionu və dəfələrlə dünya çempionu olmuş Rusiya təmsilçisi Musa Yevloyev, misirli Məhəmməd Qabr, Qırğızıstanın Olimpiya mükafatçısı Uzur Cüzupbekov, çex Artur Omarov, finlandiyalı Arvi Savolaynen və macar Aleks Söke çıxış edəcəklər. Bu qədər güclü heyətdə Niftullayevin medal qazanması xüsusilə dəyərli nəticə olacaq.

Qeyri-olimpiya çəkisi olan 63 kq-da Azərbaycanı Murad Məmmədov və Sakit Quliyev təmsil edəcəklər. Onların rəqibləri arasında Türkiyədən Avropa çempionu və dünya mükafatçısı Kerem Kamal, Rusiya təmsilçisi, dünya çempionu və Olimpiya mükafatçısı Sergey Yemelin, onun həmyerlisi Jambolat Lokyayev, gürcü Pridon Abuladze və güclü özbək güləşçiləri yer alırlar.

Qadın güləşi: əsas ümid Jalə Əliyevəyədir

Qadınların yarışında əsas diqqət olimpiya çəkisi olan 57 kq-da çıxış edəcək Jalə Əliyevəyə yönələcək. Avropa çempionatının mükafatçısı artıq böyüklər səviyyəsində uğur qazana biləcəyini sübut edib. Lakin Budapeştdə onu çox güclü rəqiblər gözləyir. Onların sırasında Braziliyadan dünya çempionatının mükafatçısı Juliya Penalber, ekvadorlu Luiza Valverde, çinli Kəsin Hun, polşalı Anjelina Lısak, rumıniyalı Georgiana Lirka və türkiyəli Elvira Süleyman Kamaloğlu var. Əliyevə üçün bu yarış yayın ən mühüm sınaqlarından biridir.

53 kq olimpiya çəkisində Əsmər Cankurtaran və Nərgiz Səmədova çıxış edəcəklər. Onların çəkisində Olimpiya mükafatçısı Lusiya Yepes (Ekvador), dəfələrlə Avropa çempionu Andrea Ana (Rumıniya), polşalı Roksana Zasina, Rusiya təmsilçisi Natiya Svanidze və Çin idmançıları yer alırlar. Azərbaycan güləşçiləri üçün bu turnir daha çox səviyyələrinin yoxlanılması baxımından əhəmiyyət daşıyır, onları əvvəlcədən favoritlər sırasında göstərmək çətindir.

68 kq-da Nigar Mirzazadə də çox güclü rəqabət olan çəkiyə düşüb. Burada Qırğızıstandan Olimpiya mükafatçısı və dünya çempionu Meerim Jumanazarova, Türkiyədən U-23 dünya çempionu Nesrin Baş, Nigeriyadan dünya çempionatının mükafatçısı Mersi Adekuoroye, belaruslu Alina Şauçuk və rumıniyalı Katerina Zelenıx çıxış edəcəklər.

Qeyri-olimpiya çəkilərində Azərbaycanı 55 kq-da Gültəkin Şirinova, 65 kq-da isə Birgül Soltanova təmsil edəcəklər. Şirinovanın əsas rəqibləri arasında isveçli Yonna Malmqren, almaniyalı Anastasiya Blayvas, kanadalı Karla Qodinez və türkiyəli Tuba Demir seçilirlər. Soltanova isə Qırğızıstan, Rumıniya, Serbiya, ABŞ və digər ölkələrin təmsilçiləri ilə mübarizə aparacaq.

İdman.Biz