Mingəçevirdə güləş üçün yeni imkan yaradıldı - FOTO

5 İyul 2026 11:27
124
Mingəçevirdə güləş üçün yeni imkan yaradıldı - FOTO

Mingəçevir şəhərində sərbəst güləş zalı istifadəyə verilib.

İdman.Biz Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, zal regionlarda güləşin inkişafı və idman infrastrukturunun gücləndirilməsi istiqamətində görülən işlərin davamı olaraq açılıb.

Mərkəzi Ordu İdman Klubunun təşəbbüsü ilə 1 noyabr 2025-ci ildə Mingəçevir şəhərində yerləşən 18 nömrəli tam orta məktəbdə sərbəst güləş bölməsi yaradılıb. Klub tərəfindən təyin olunan məşqçi-müəllim Anar Bayramovun rəhbərliyi altında qısa müddətdə məşqlərə qatılan yeniyetmə və gənclərin sayı 100 nəfərə çatıb.

Azərbaycan Güləş Federasiyası tərəfindən güləş xalçası hədiyyə edilən zal digər zəruri idman avadanlıqları ilə də təchiz olunub. Zal iyulun 4-də rəsmi olaraq istifadəyə verilib.

Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, MOİK rəisi Vüqar Əsgərov, AGF-nin vitse-prezidentləri Namiq Abdullayev və Fərid Mansurov, qurumun baş katibi Pərvin Piriyev, AGF-nin Etika və İntizam Komitəsinin üzvü Firdovsi Umudov, eləcə də Mərkəzi Aran bölgəsinin idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qonaqlar zalda yaradılan şəraitlə tanış olub, idmançılarla söhbət edərək onlara tövsiyələrini çatdırıblar. Bildirilib ki, Mingəçevir yüksək idman potensialına malik şəhərdir və burada idman infrastrukturunun daha da təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

İdman.Biz