Ülvü Qənizadə: “Olimpiya çəkisində çıxış etməyi planlaşdırıram” - MÜSAHİBƏ

Müsahibə
15 Yanvar 2024 16:29
411
Ülvü Qənizadə: “Olimpiya çəkisində çıxış etməyi planlaşdırıram” - MÜSAHİBƏ

Azərbaycan millisinin yunan-Roma güləşçisi Ülvü Qənizadənin (72 kq) İdman.biz saytına müsahibəsi

- İlin ilk yarışı - “Zaqreb Open”də inamlı qələbə qazandın. Rəqiblərin zəif idi, yoxsa sən daha formadasan?

- Əlbəttə, rəqiblər zəif deyildi. Reytinq turnirində zəif rəqib olmur. Sadəcə, bu yarışda özümü yaxşı hiss edirdim. Formada idim və yekunda qalib gəldim.

- İlə qızıl medalla başlamaq necə hissdir?

- Bu, özümə qarşı olan məsuliyyətim bir qədər də artdı.

- Yunan-Roma güləşi üzrə milli komandanın çıxışını necə qiymətləndirirsən?

- Komandanın ümumi çıxışı haqqında onu deyə bilərəm ki, daha çox qızıl medal qazana bilərdik. 55 kq-da Eldəniz Əzizli və 82 kq-da Rafiq Hüseynov çıxış etmədilər. Onlar güləşsəydilər, çempionlarımızın sayı daha çox olacaqdı.

- Bu il əsas hədəflərin nədir?

- Bizi Avropa çempionatı gözləyir. İnanıram ki, həm mən, həm də komanda yoldaşlarım inamlı çıxış edəcək.

- İkinci dəfə Avropa çempionu olmacağına inanırsan?

- Əlbəttə, bu, mümükündür. Sadəcə, tək lazım olan inamlı məşq etmək və yarışa məsuliyyətli yanaşmaqdır. Bunlar olsa, qələbə özü gələcək.

- Gələcəkdə səni olimpiya çəkisində izləyə bilərik? Belə bir planın var?

- Planımda var. Bu, Paris-2024-də mümkün deyil. Məndən aşağı və yuxarı çəkidə komanda yoldaşlarım lisenziya qazanıblar. 2028-ci ildə bunu reallaşdırmağa çalışacağam. Həm Avropa, həm də dünya çempionatında medal qazanmışam. Yalnız Olimpiya medalı qalıb. Bu məsələyə ümidsiz yanaşmıram.

Emin Ağa
İdman.biz