Çimərlik güləşi üzrə U-17 Avropa çempionatının təşkili yüksək səviyyədə olub, bütün iştirakçılar isə güclü rəqiblər təsiri bağışlayıblar.
Bunu İdman.Biz-ə açıqlamasında 80 kq çəki dərəcəsində Avropa çempionu olan azərbaycanlı güləşçi Ruslan Vəliyev deyib.
O, qitə birinciliyinin finalında komanda yoldaşı Elvin Hacıquliyevlə qarşılaşmasını belə şərh edib:
“Finalda komanda yoldaşımla üz-üzə gəlmək mənim üçün qəribə hiss idi. Amma bu idmandır və burada qalib yalnız biri ola bilər. Ən vacibi isə Azərbaycan bayrağının yüksəldilməsi idi”.
Çimərlik güləşi üzrə ikiqat Avropa çempionu, sərbəst güləş üzrə U-15 Avropa çempionatının gümüş mükafatçısı olan Vəliyevin sözlərinə görə, sərbəst güləşdə qazandığı təcrübə çimərlik güləşində də uğurlarına kömək edir:
“Düşünürəm ki, sərbəst güləşdə öyrəndiyim bütün texnikalar çimərlik güləşində də işimə yarayır. Ötən il 70 kq çəki dərəcəsində Avropa çempionu olmuşdum. Bu il Oyan Nazariani və İbrahim Yusubovun rəhbərliyi altında yarışa daha yaxşı hazırlaşdım və artıq daha təcrübəli idim. Bunun nəticəsində ikinci dəfə Avropa çempionu oldum”.
Güləşçi hansı növdə çıxış etməyi daha çox sevdiyini də açıqlayıb:
“Əlbəttə ki, sərbəst güləş daha çətindir. Bu növdə həm görüşlərin müddəti, həm də xal limiti daha çoxdur. Eyni zamanda onun üstünlükləri də var. Məsələn, çimərlik güləşindən fərqli olaraq, burada parter vəziyyətindən xal qazanmaq mümkündür ki, bu da əlavə imkanlar yaradır.
Çimərlik güləşində günəş altında və qum üzərində mübarizə aparmaq daha çətindir. Bununla belə, görüşlər daha sürətli və dinamik keçir. Hər iki güləş növündə paralel karyera qurmaq mənim üçün çox yaxşı təcrübədir. Çimərlik güləşi dəniz kənarında keçirildiyi üçün fərqli və daha zövqlüdür, sərbəst güləşdə böyük arenalarda çıxış etmək isə hər bir idmançının arzusudur”.
Ruslan Vəliyev sərbəst güləşdə də böyük hədəflərinin olduğunu gizlətməyib:
“Olimpiya çempionu olmaq istəyirəm və bunun üçün əlimdən gələni edirəm. İnanıram ki, düzgün hazırlıq və davamlı zəhmət sayəsində böyüklər arasında da özümü göstərə və yüksək nəticələr əldə edə biləcəyəm. Ağır çəkidə rəqabət həmişə çox ciddi olur. Buna baxmayaraq, məqsədlərimə çatacağıma inanıram”.
