Dünya Güləş Birliyi(UWW) rəsmisi Erik Olanovski ölkəmizdə idmanın inkişafından danışıb.
İdman.Biz Albaniyadan xəbər verir ki, Dünya Güləş Birliyi (UWW) qurumunun media və kommunikasiya şöbəsinin rəhbəri Erik Olanovski əməkdaşımıza müsahibə bildirib ki, Azərbaycan güləşdə aparıcı ölkələrdən biridir və bunun əsas səbəblərindən biri də ölkədə bu idman növünün hər üç istiqamətinin yüksək səviyyədə inkişaf etməsidir.
Olanovski Albaniyada keçirilən Avropa çempionatından sonra qeyd edib ki, xüsusilə yunan-Roma güləşi Azərbaycanda ciddi inkişaf yolu keçib, həmçinin Jalə Əliyevanı öz çəkisində ən yaxşı idmançılardan biri kimi dəyərləndirib.
“Avropa çempionatında görüşlər möhtəşəm idi. Bu yarışlarda altıncı dəfə Avropa çempionu olan Abdulraşid Sadulayevin qayıdışı baş verdi. Mənim fikrimcə, o, dünyanın ən yaxşı güləşçisidir. Ukraynalı qadınlar komandaya altı qızıl medal qazandırdılar ki, bu da təsiredicidir. Azərbaycan isə həm yunan-Roma, həm də sərbəst güləşdə komanda hesabında çempion oldu. Xüsusilə Həsrət Cəfərov və Qurban Qurbanova diqqət yetirin: hər ikisinin 24 yaşı var və artıq bir neçə Avropa tituluna sahibdirlər”, - deyə o bildirib.
UWW rəsmisinin sözlərinə görə, Albaniyada Avropa çempionatının təşkili yüksək səviyyədə olub: “Lakin təkmilləşdirmək istədiyimiz məqamlar da var. Bunlar idmançılar üçün nəqliyyat, isinmə zonaları və mediada işıqlandırmadır. Yarışlarda Avropanın müxtəlif ölkələrindən 100-ə yaxın media nümayəndəsi iştirak edirdi, amma növbəti dəfə daha çoxunu görmək istəyirik”.
Olanovski yunan-Roma güləşində 1:1 hesabı zamanı ilk xala görə qələbə qaydası ilə bağlı fikirlərini də bölüşüb:
“2026-cı il Asiya çempionatında cəmi bir görüş 1:1 hesabı ilə başa çatmışdı. Avropa çempionatında isə belə görüşlərin sayı 17 oldu. İdmançılar əvvəlki illərlə müqayisədə ilk hissədə daha çox xal toplamağa başlayıblar. Əgər 2025-ci ildə 2026-cı ilin qaydaları tətbiq olunsaydı, qaliblər fərqli ola bilərdi. Mən Avropada güləşçilərdən daha çox nəticəli hərəkətlər görmək istərdim. Asiyada güləşçilər daha çox ayaqüstü vəziyyətdə xal qazanırlar, Avropada isə əsasən parter gözlənilir”.
Sonda o, bu il Azərbaycanda keçiriləcək çimərlik güləşi üzrə iki yarış – U17 dünya çempionatı və böyüklər arasında Dünya seriyasının IV mərhələsi ilə bağlı gözləntilərini bölüşüb:
“Azərbaycanda keçirilən istənilən yarış möhtəşəm hadisədir. Bakıda təşkil olunan turnirlərdə azarkeşlərin rolu çox böyükdür. Onlar bizim idman növündə ən ehtiraslı və savadlı azarkeşlərdəndir. Bunu federasiyanın sosial şəbəkələrdəki izləyici sayına baxaraq da görmək olar. Mən 100-dən çox beynəlxalq yarışda olmuşam və təcrübəmə əsasən deyə bilərəm ki, Azərbaycan ən yaxşı təşkilatçılardan biridir”.
