Serbiya millisinin məşqçisi: “Nihat Məmmədli ilə bizim idmançımız arasında final gözləyirdik" - İDMAN.BİZ ALBANİYADAN

23 Aprel 2026 09:55
208
Serbiya millisinin məşqçisi: “Nihat Məmmədli ilə bizim idmançımız arasında final gözləyirdik" - İDMAN.BİZ ALBANİYADAN

Son üç ildə Serbiyada məşqçi kimi çalışan azərbaycanlı mütəxəssis Ziyad Əliyev hazırda Albaniyada keçirilən güləş üzrə Avropa çempionatındadır. O, daha əvvəl müxtəlif yaş kateqoriyalarında idmançılarla işləsə də, son altı aydır Serbiyanın yunan-Roma güləşi üzrə millisində baş məşqçinin köməkçisi vəzifəsini tutur.

Əliyevin yetirməsi, serb güləşçi Georgi Tibilov 60 kq çəki dərəcəsində Avropa çempionatının qızıl medalını qazanıb. Həmin çəkidə Azərbaycandan Nihat Məmmədli çıxış edib və bu dəfə bürünc mükafatla kifayətlənib.

İdman.Biz-ə açıqlamasında Ziyad Əliyev bildirib ki, bu çəki dərəcəsində fərqli final gözləyirmiş:

"Biz Nihatın səviyyəsini bilirik. Mən azərbaycanlı olduğumu nəzərə alaraq, rəqib Azərbaycan təmsilçisi olanda bəzi məsələlərə çox da dərindən yanaşmamağa və vəziyyətə daha çox kənardan baxmağa çalışıram. İstəmirəm ki, mənim ölkəmdən kimsə uduzsun, amma bu, eyni zamanda işimə təsir etmir. Bildiyimə görə, Nihat hazırda ən yüksək formasında deyil. Amma, əlbəttə, biz onunla Tibilov arasında final gözləyirdik".

Mütəxəssis Tibilovun qazandığı qızıl medalı "təsəlli" adlandırıb:

"Bu, bizim yeganə qızıl medalımızdır. Bir növ təsəlli oldu. Ümumilikdə çempionat pis keçmədi, baxmayaraq ki, digər çəki dərəcələrində də nəticə gözləyirdik".

Ziyad Əliyev Azərbaycan güləşçilərinin xarakteri və millisinin dünya arenasındakı mövqeyi barədə də danışıb:

"Biz Azərbaycandan hər zaman ən yüksək nəticələr və gərgin mübarizə gözləyirik. Çox yaxşı komandamız var. Bu gün hamı bizdən danışır. Məsələn, Həsrət Cəfərovun yarımfinalda gürcü rəqibi ilə görüşü sadəcə möhtəşəm idi. O, əsl döyüşdə qalib gəldi. Bütün azərbaycanlı idmançılarda bu döyüşkən xarakter var. Biz buna ölkə prizmasından baxırıq: arxamızda xalq dayanır, əlbəttə ki, ailəmiz var və hamı uğurlu çıxış gözləyir".

Ziyad Əliyevin sözlərinə görə, azərbaycanlılara xas olan güclü ruhu o, serbiyalı idmançılara da aşılamağa çalışır:

"Bu məsələdə bizimlə avropalılar arasında böyük fərq var. Onlarla işləməyə başlayanda başa düşdüm ki, bu olmadan digər bütün məqamların heç bir əhəmiyyəti yoxdur".

Məşqçi onu da əlavə edib ki, vitse-prezidenti digər azərbaycanlı - Yusif Abbasov olan Serbiya federasiyası bəzi çəki dərəcələrində Azərbaycan güləşçilərinin milliyə cəlb olunması imkanını nəzərdən keçirir.

"Amma bu çətindir, çünki heç kim yaxşı idmançılarını buraxmaq istəmir. Bu istiqamətdə işləyirik, gələcəkdə yaxşı nəticələr göstərə biləcək gəncləri axtarırıq", - deyə o, fikrini yekunlaşdırıb.

İdman.Biz