Çimərlik güləşi klassik güləş növləri ilə müqayisədə Azərbaycanda hələ o qədər də populyar deyil. Buna baxmayaraq, Avropa və dünya çempionatlarında, eləcə də digər beynəlxalq yarışlarda qazanılan uğurlar sayəsində vəziyyət tədricən dəyişir. Klassik güləş növlərində çıxış edən bir çox güclü idmançı bu sahədə də özünü sınayır və getdikcə daha çox çimərlik güləşinə üstünlük verir.
Bu idman növünün ölkədə inkişafı, xüsusiyyətləri və qarşılaşdığı çətinliklər barədə İdman.Biz Azərbaycanın çimərlik güləşi üzrə milli komandasının baş məşqçisi Oyan Nəzəriani ilə söhbətləşib.
– Bu yaxınlarda çimərlik güləşi üzrə Dünya Seriyasının ikinci mərhələsi və U-17 Avropa çempionatı başa çatdı. İdmançılarımızın çıxışını necə qiymətləndirirsiniz?
– Nəticələrdən razıyam. Xüsusilə U-17 Avropa çempionatındakı çıxışımız sevindiricidir. Komanda hesabında Avropa çempionu olduq, fərdi yarışlarda isə iki qızıl və iki gümüş medal qazandıq. İnanıram ki, bu uğurlar fonunda güləşçilərimiz yüksək döyüş ruhu ilə qarşıdakı U-17 dünya çempionatına və Yeniyetmələrin Olimpiya Oyunlarına daha yaxşı hazırlaşacaq və uğurla çıxış edəcəklər.
Dünya Seriyasının ikinci mərhələsinə gəlincə, orada bir gümüş və bir bürünc medal qazandıq. Növbəti mərhələlərdə əlimizdən gələni edib daha yaxşı nəticələr əldə etməyə çalışacağıq. Əsas məqsədimiz Dünya Seriyasının final mərhələsində ən azı bir dünya çempionu yetişdirməkdir.
– Hazırda Azərbaycanda çimərlik güləşi necə inkişaf edir?
– Azərbaycanda çimərlik güləşi müsbət dinamika ilə inkişaf edir. Son illərdə beynəlxalq və ölkədaxili yarışlarda əldə olunan uğurlar sayəsində bu növə maraq durmadan artır. Xüsusilə Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziyaların qazanılması həm idmançılar, həm də onların şəxsi məşqçiləri üçün böyük stimul olub. Buna görə də məşqçilər öz yetirmələrini getdikcə daha çox çimərlik güləşinə yönləndirirlər.
– İdmançılar karyeralarına tez-tez məhz çimərlik güləşi ilə başlayırlar?
– Ölkəmizdə idmançıların birbaşa çimərlik güləşi ilə karyeraya başlaması nadir hallarda rast gəlinir. Mövcud şəraitdə bunu real hesab etmək çətindir. Əlbəttə, yalnız bu növlə məşğul olanlar da var. Ancaq çimərlik güləşi hələ klublarda və bölgələrdə geniş yayılmayıb. Buna görə də əksər idmançılar bu növə digər istiqamətlərdən, əsasən də sərbəst güləşdən keçirlər.
Biz hər iki növdə çıxış etmək üçün şərait yaradırıq. Məşqçilərlə daim koordinasiyalı işləyir, yarış təqvimlərini uyğunlaşdırırıq.
Hazırda sərbəst güləş millisinin bir neçə üzvü bizimlə birlikdə məşq edir, hazırlıq prosesinə qoşulur və yarışlarda iştirak edir. Burada həm idmançıların, həm də məşqçilərin təşəbbüsünü qeyd etmək lazımdır. Onlar görürlər ki, çimərlik güləşi dünyada getdikcə daha çox nüfuz qazanır. Buna görə də bəzi güləşçilər karyeralarını eyni vaxtda iki növdə uğurla davam etdirirlər.
Məsələn, Nihad Süleymanlı ötən il çimərlik güləşi üzrə Avropa və dünya çempionu oldu, bu yaxınlarda isə sərbəst güləş üzrə Avropa çempionatının qalibi adını qazandı. Həmçinin Rəşid Nəzərov, Elgün Kərimli və digər idmançıları da qeyd edə bilərik.
– Çimərlik güləşinin əsas xüsusiyyətləri və çətinlikləri nələrdir?
– Əsas çətinliklərdən biri həm milli komandanın üzvlərinin, həm də peşəkar şəkildə bu növlə məşğul olan idmançıların sayının az olmasıdır.
Bu istiqamətin fərqi ondadır ki, fiziki güc həlledici rol oynayır. Digər xüsusiyyət isə görüşlərin qısa müddətli olması və xalların sayının digər güləş növlərinə nisbətən az olmasıdır. Üç xal toplayan idmançı qalib gəlir. Bu isə o deməkdir ki, ilk saniyələrdən maksimum konsentrasiya nümayiş etdirmək və bütün güclə mübarizə aparmaq lazımdır. Görüşün başlanğıcı onun taleyini həll edə bilər.
– İdmançı hansı hallarda özünü çimərlik güləşində sınamalıdır?
– Çimərlik güləşi hər kəs üçün uyğundur. Amma hazırda burada əsasən beynəlxalq təcrübə qazanmaq və Avropa, dünya çempionatlarında iştirak etmək istəyən idmançılar çıxış edirlər. Buraya konkret məqsədlərlə gələn güləşçilər yarışırlar. Bu bizi çox sevindirir. Çünki idmançılar məhz çimərlik güləşində uğur qazanmağı qarşılarına məqsəd qoyurlar.
– Azərbaycanda çimərlik güləşi ilə məşğul olan qızlar varmı?
– Bəli. Məsələn, ötən il Ülviyyə Musayeva dünya çempionu oldu və Azərbaycan çimərlik güləşi tarixində buna nail olan ilk qız kimi tarixə düşdü.
Bundan başqa, qızlar arasında bir çəki dərəcəsində Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziyamız var. Həmçinin onlar qarşıdakı Azərbaycan çempionatında, Bakıda keçiriləcək U-17 dünya çempionatında və Dünya Seriyasının final mərhələsində iştirak edəcəklər.
– Keçmişin və müasir dövrün tanınmış güləşçilərini xatırlasaq, sizin fikrinizcə, kim çimərlik güləşində uğur qazana bilərdi?
– İstənilən tanınmış və perspektivli güləşçi bu növdə özünü sınaya və uğur qazana bilər. Xüsusilə hesab edirəm ki, sərbəst güləş üzrə ikiqat Avropa çempionu, Olimpiya Oyunlarının və dünya çempionatının mükafatçısı Georgi Meşvildişvili çimərlik güləşində də uğurla çıxış edə bilərdi.
Həmçinin Rəşid Babazadə də yaxşı nəticələr göstərə bilər. O, ötən il Dünya Seriyasının mərhələlərindən birində gümüş medal qazanıb.
– Sizcə, çimərlik güləşi yaxın gələcəkdə Olimpiya idman növünə çevriləcəkmi?
– Əlbəttə. Birləşmiş Dünya Güləşi (UWW) bu istiqamətdə ardıcıl və məqsədyönlü iş aparır. Çimərlik güləşi təşkilatın prioritet sahələrindən biridir. Bunun təsdiqi kimi bu növün Yeniyetmələrin Olimpiya Oyunlarının proqramına daxil edilməsini göstərmək olar.
Lakin Olimpiya Oyunlarının öz qaydaları və tələbləri var. Medal və idman növlərinin sayı ilə bağlı məhdudiyyətlərə görə yeni bir növün proqrama daxil edilməsi asan proses deyil. Buna baxmayaraq, ümid edirik ki, gələcəkdə çimərlik güləşi də Olimpiya proqramına daxil ediləcək.
