“İki il əvvəl elə bu ölkədə, Albaniyada, Tiranada Avropa çempionatında gümüş medal qazanmışdım. Bu dəfə həmin medalı qızılla əvəzləmək istəsəm də, təəssüf ki, qismət olmadı. Lakin Vətənə yenidən əliboş qayıtmadığım üçün xoşbəxtəm”.
Bu sözləri İdman.Biz-in Albaniyaya ezam olunmuş əməkdaşına Avropa çempionatında 55 kq çəki dərəcəsində bürünc medal qazanmış güləşçisi Rəşad Məmmədov final qarşılaşmasından sonra bildirib.
O, gələcəkdə hazırkı Avropa çempionu Emin Seferşayevlə (UWW) yenidən üz-üzə gələcəyinə ümid etdiyini vurğulayıb:
“Öndə bizi hələ çox yarışlar gözləyir, inanıram ki, yenidən qarşılaşacağıq. Bu məğlubiyyətin bir daha təkrarlanmayacağını düşünürəm”.
Yarışları çoxqat dünya və Avropa çempionu, tanınmış Azərbaycan güləşçisi Eldəniz Əzizli də izləyib. Məmmədov onun dəstəyinin böyük əhəmiyyət kəsb etdiyini deyib:
“Onun burada olması mənim üçün böyük stimul idi. Görüşdən əvvəl mənə öz məsləhətlərini verdi. Lakin təəssüf ki, müəyyən çatışmazlıqlarım oldu”.
