Rəsul Çunayev məktəblilərin qonağı olub - FOTO

3 Mart 2026 15:13
151
Rəsul Çunayev məktəblilərin qonağı olub - FOTO

5 mart - İdman Günü münasibətilə Məmməd Rahim adına 7 nömrəli tam orta ümumtəhsil məktəbində xüsusi və yadda qalan görüş təşkil olunub.

İdman.Biz xəbər verir ki, tədbirin fəxri qonağı dünya və Avropa çempionu, Olimpiya mükafatçısı, tanınmış güləşçi Rəsul Çunayev olub.

Görüşü açıq elan edən məktəbin direktoru Könül Təhməzə ölkəmizdə idmana və gənclərə göstərilən dövlət qayğısından danışıb. O qeyd edib ki, idman gənclərin sağlam, intizamlı və vətənpərvər ruhda formalaşmasında mühüm əhəmiyyət daşıyır. Direktor çıxışında dövlət başçısının gənclərlə bağlı fikirlərini xatırladaraq sağlam və bilikli nəslin yetişdirilməsinin əsas prioritetlərdən biri olduğunu vurğulayıb.

Çıxış edən Rəsul Çunayev öz uğur yolundan bəhs edərək şagirdlərlə həyat təcrübəsini bölüşüb. O bildirib ki, əldə olunan nailiyyətlərin təməlində zəhmət, əzmkarlıq və Vətənə sevgi dayanır. İdmançı beynəlxalq arenalarda qazandığı uğurlardan söz açaraq həm dünya, həm də Avropa çempionatlarında çempion tituluna yüksəldiyini, Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil etdiyini diqqətə çatdırıb.

Görüş çərçivəsində şagirdlər qonağa ünvanladıqları suallarla fəal iştirak ediblər. Azərbaycan İdman Akademiyasının təcrübəçi tələbələri də çıxış edərək təcrübələrini bölüşüb, respublika və beynəlxalq səviyyədə uğur qazanmış gənclər motivasiyaedici fikirləri ilə görüşə xüsusi rəng qatıb.

Qeyd edilib ki, məktəbdə hər il müxtəlif sahələrdə nailiyyət qazanan şagirdlər və Azərbaycan bayrağını beynəlxalq arenalarda yüksəldən idmançılarla bu kimi görüşlər təşkil olunur. Belə təşəbbüslər gənclərin həm fiziki, həm də mənəvi inkişafına müsbət təsir göstərməklə yanaşı, onların gələcək uğurlara inamını daha da möhkəmləndirir.

İdman.Biz