“Olimpiya medalımın dəyişdiriləcəyini eşidəndə çox sevindim”.
Bu sözləri yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) “Paris-2024” Yay Olimpiya Oyunlarında qazandığı və sonradan aşınmaya məruz qalan bürünc medalının geri qaytarılması ilə bağlı danışarkən deyib.
İdmançı Olimpiya medalının pis vəziyyətə düşdüyünü, rənginin tamamilə solduğunu, üzərinin isə aşındığını xatırladıb.
“Bu, elə mən Parisdə olarkən baş vermişdi. Vətənə qayıtdıqdan sonra Milli Olimpiya Komitəsi (MOK) bu işlə ciddi məşğul olmağa başladı. Bir neçə ay sonra mənə bildirdilər ki, medalınız yeniləri ilə əvəz olunacaq. Bu, çox sevindirici xəbərdir. Çünki idmanın zirvəsi olan yarışdan mükafat qazanmaq, sonra isə belə halla üzləşmək məyusedicidir. Təxminən 10 gün öncə medalımı MOK-a təhvil verdim. Onlar da həmin medalları Fransaya göndərdilər və söylədilər ki, çox yaxın bir zamanda yenisi ilə dəyişdiriləcək” , - deyə o, AZƏRTAC-a açıqlamasında bildirib.
O, yeni medalında heç bir problemin olmayacağına ümid etdiyini vurğulayıb:
“İnanıram ki, əvvəlkindən keyfiyyətli olacaq. MOK bu məsələni daim nəzarətdə saxlayır. Ümidvaram ki, hər şey yaxşı olacaq”.
Qeyd edək ki, medallarının geri qaytarılması ilə bağlı işlərə ötən həftə start verilib. İlk mərhələdə H.Cəfərovdan başqa, taekvondoçu, Paris Olimpiadasının gümüş mükafatçısı Qaşım Maqomedovun da medalı dəyişdiriləcək. Yeni medalların hazırlanma müddəti təxminən 3-5 həftə davam edəcək.
