Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə reytinq turnirində Yunan-roma güləşi üzrə Azərbaycan təmsilçiləri növbəti yarış gününü uğursuz başa vurublar.
İdman.Biz xəbər verir ki, Davud Məmmədov (77 kq), İslam Abbasov (87 kq) və Laçın Vəliyev (87 kq) erkən mərhələdə məğlub olaraq medal mübarizəsini dayandırıblar.
D. Məmmədov start görüşündə qalib gəlsə də, 1/8 finalda serbiyalı Aleks İliçə 5:5 hesabı ilə başa çatan qarşılaşmada son xalı rəqib qazandığı üçün uduzub. İslam Abbasov Dünya Güləş Birliyinin (UWW) bayrağı altında çıxış edən İslam Əliyevə 1:3 hesabı ilə məğlub olub, Laçın Vəliyev isə ilk görüşündə Alan Ostayevə (UWW) 1:5 hesabı ilə uduzub.
Xatırladaq ki, daha əvvəl turnirdə Azərbaycanın sərbəst güləşçiləri dörd medal qazanıblar. Rəşid Babazadə (65 kq) gümüş mükafata sahib olub, İslam Bazarqanov (57 kq), Cəbrayıl Hacıyev (79 kq) və Arseniy Cioyev (86 kq) isə bürünc medal əldə ediblər.
15:33
Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə reytinq turnirində Azərbaycanın iki Yunan-roma güləşçisi yarışa qələbə ilə start verib.
İdman.Biz xəbər verir ki, Davud Məmmədov (77 kq) və İslam Abbasov (87 kq) ilk mərhələni uğurla adlayaraq 1/8 finala yüksəliblər.
Məmmədov start görüşündə Qazaxıstan təmsilçisi Merey Maulitkanovu məğlub edib, Abbasov isə digər qazaxıstanlı İslam Yevloyevə qalib gəlib.
Bundan əlavə, Laçın Vəliyev (87 kq) ilk görüşünü Alan Ostayevə (UWW) qarşı keçirəcək.
Daha əvvəl Tiranadakı turnirdə Azərbaycanın sərbəst güləşçiləri dörd medal qazanıblar: Rəşid Babazadə (65 kq) gümüş, İslam Bazarqanov (57 kq), Cəbrayıl Hacıyev (79 kq) və Arseni Cioyev (86 kq) isə bürünc mükafata sahib olublar.
