Taleh Məmmədov: “İlk üçlükdə yer alanlar yığmaya cəlb olunacaq” - MÜSAHİBƏ

25 Fevral 2026 16:18
77
Taleh Məmmədov: “İlk üçlükdə yer alanlar yığmaya cəlb olunacaq” - MÜSAHİBƏ

“Gələn ay ölkə çempionatı keçiriləcək. İlk üçlükdə yer alanlar yığma komandaya cəlb olunacaq”.

Bunu Azərbaycanın veteran yunan-Roma güləşçisi Taleh Məmmədov offsideplus.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- U15 yığmasında əsas hədəflər və xüsusi diqqət ayıracağınız istiqamətlər nə olacaq?

-Bu vəzifənin böyük məsuliyyətini dərk edirəm. Yeniyetmə güləşçilərimiz Azərbaycan güləşini formalaşdıran əsas qüvvədir. Məqsədimiz odur ki, güləşçilərimizi taktiki, texniki və fiziki cəhətdən daha da sağlam hazırlayıb formalaşdıraq və gələcək yaş qruplarına, əsasən də böyüklərin yaş qrupuna düzgün şəkildə çatdıraq, ölkəmizə daha çox medallar qazandıraq. Uşaqlara peşəkar idmançının necə olmalı olduğunu öyrətməyə çalışacağıq.

- Hazırda komandanın durumunu necə dəyərləndirirsiniz?

- Bu yaş qrupu elədir ki, hər il yeni uşaqlar gəlir. Böyüklərdə olduğu kimi, bir idmançı ilə 5-10 il bir arada olmuruq. Bir idmançı maksimum 2 il eyni komandada yer ala bilir. Sonra yuxarı yaş qrupuna keçir. Bunun da öz çətinlikləri var. Amma öhdəsindən gəlməyə çalışacağıq.

- Yığmada xüsusilə adını qeyd edə biləcəyiniz, potensialı ilə fərqlənən güləşçilər varmı?

- Bəli, komandamızda gələcək vəd edən, potensiallı uşaqlarımız çoxdur. Onların içində iki uşağımız ötən illərdə Avropanın gümüş mükafatçısı olub. Qalan heyət isə yeni uşaqlardır.

- Hazırda komanda ilə bağlı aktual problemlər hansılardır?

- Komandada tək problemimiz ağır çəkilərdə idmançı qıtlığı və yüksək rəqabətliliyin olmamasıdır. Bu istiqamətdə böyük işlər görmək istəyirik. Məşqçi kollektivi ilə fikrimiz var ki, ağır çəkilər üzərində işləyək, gələcəkdə də böyüklərin yaş qrupunda problemlər aradan qalxsın, öz idmançılarımız yetişsin və legionerlərə ehtiyac qalmasın.

- U15 yığmasında sizinlə bərabər İlham Vezirov, Azad Əliyev və Fuad Aydınlı da çalışır. Bu heyətdən gözləntiləriniz nədir?

- İlham müəllim yaşca bizdən böyükdür və ölkənin qabaqcıl məşqçilərindəndir, komandaya böyük faydası var. Azad Əliyev və Fuad Aydınlı isə güləşin incəliklərini bilən və uşaqlarla səbirli şəkildə işləyib öyrədə bilən müəllimlərdəndir. Mən əminəm ki, biz birlikdə gələcək üçün sağlam, güclü və savadlı idmançılar yetişdirəcəyik.

- Növbəti yarışlar və hazırlıq prosesi haqqqında nə deyə bilərsiniz?

- Gələn ay ölkə çempionatı keçiriləcək. İlk üçlükdə yer alanlar yığma komandaya cəlb olunacaq. Bakıda təlim-məşq toplanışına start veriləcək və 2 ay boyunca qısa fasilələrlə davam edəcək. Bu toplanışlarda Avropa çempionatına gedəcək heyəti seçəcəyik və mayın 20-24-də Bolqarıstanda keçiriləcək Avropa çempionatına yola düşəcəyik.

İdman.Biz