Rafiq Hüseynov: “Yalnız medal qazanan deyil, sabit nəticə verən güləşçilər yetişdirmək istəyirik”

19 Fevral 2026 15:07
75
Rafiq Hüseynov: “Yalnız medal qazanan deyil, sabit nəticə verən güləşçilər yetişdirmək istəyirik”

Azərbaycanın U-17 güləş millisi ilə bağlı əsas məqsəd yalnız medal qazanan deyil, uzunmüddətli perspektivdə sabit nəticə verən idmançıların yetişdirilməsidir.

Bunu yığmaya böyük məşqçi təyin olunan Rafiq Hüseynov deyib.

“U-17 yığmasına böyük məşqçi təyin olunmağım mənim üçün böyük şərəf və məsuliyyətdir. Yeniyetmə yaş qrupu Azərbaycan güləşinin gələcəyidir. Bu yaşda formalaşan sistem, intizam və düşüncə tərzi gələcəkdə dünya və olimpiya uğurlarının təməlini qoyur. Komandada əsas məqsədim sistemli və elmi əsaslara söykənən hazırlıq modeli tətbiq etməkdir. Fiziki hazırlıq, texniki-taktiki təkmilləşmə və psixoloji dayanıqlılıq paralel şəkildə inkişaf etdirilməlidir. Performans göstəricilərinin analitik qiymətləndirilməsi, şəxsi məşqçilərlə koordinasiyanın gücləndirilməsi, intizam və komanda dəyərlərinin prioritetləşdirilməsi, bərpa və zədələnmələrin profilaktikasına xüsusi diqqət, gənclərdə liderlik və məsuliyyət hissinin formalaşdırılması - əsas fəaliyyət istiqamətimiz bunlar olacaq. Biz yalnız medal qazanan deyil, uzunmüddətli perspektivdə sabit nəticə verən idmançı modeli qurmaq istəyirik”, - deyə o, report.az-a açıqlamasında bildirib.

Dünya və Avropa çempionu, olimpiya mükafatçısı olmuş R.Hüseynov Gəncədə keçirilən Azərbaycan çempionatının nəticələrini də dəyərləndirib:

“Yarış yüksək rəqabətlə yadda qaldı. Sevindirici haldır ki, bir çox çəkidə ciddi rəqabət formalaşıb. Bu isə gələcək üçün sağlam mühit deməkdir. Bəzi çəkilərdə texniki baxımdan yetkin, xarakterli və perspektivli idmançılar diqqətimizi cəlb etdi. Xüsusilə ağırçəkili idmançıların mübariz xarakteri məni heyrətləndirdi. Əlbəttə, yığmada yeni adlar görəcəyik. Bizim üçün əsas meyar yalnız çempion olmaq deyil, intizam, inkişaf potensialı və uzunmüddətli perspektivdir. Kim öz üzərində işləyəcəksə, yığmanın qapısı onun üzünə açıq olacaq”.

Böyük məşqçi gələcək planlardan söz açarkən sistemli işin önəmini vurğulayıb:

“Qısa müddətli planımız komandanın strukturlaşdırılması və vahid məşq modelinin tətbiqidir. Fiziki testlərin nəticələrinə əsasən fərdi inkişaf planları hazırlanacaq. Orta müddətli hədəfimiz Avropa və dünya çempionatlarında medal uğrunda sabit şəkildə mübarizə aparacaq heyət formalaşdırmaqdır. Uzunmüddətli məqsəd isə U-17 yaş qrupundan başlayaraq olimpiya dövrünü düşünən sistem qurmaqdır. Bugünki yeniyetmələr sabahın olimpiyaçılarıdır. Biz yalnız nəticə üçün deyil, Azərbaycan güləş məktəbinin davamlılığını təmin etmək üçün çalışırıq. İnanıram ki, komanda olaraq düzgün istiqamətdə işləsək, qarşıdakı illərdə Azərbaycan güləşi yeni nəsil liderlərini yetişdirəcək”.

İdman.Biz