Azərbaycan çempionatında 2 növdə çıxış edən güləşçi: “Gələcəkdə onlara ehtiyac qalmayacaq” - MÜSAHİBƏ

Müsahibə
23 Dekabr 2023 15:16
781
Azərbaycan çempionatında 2 növdə çıxış edən güləşçi: “Gələcəkdə onlara ehtiyac qalmayacaq” - MÜSAHİBƏ

Sərbəst güləş üzrə Azərbaycan çempionatının gümüş medalçısı Rəvan Musayevin (97 kq) İdman.bizə müsahibəsi

- Azərbaycan çempionatında hər 2 növdə - həm sərbəst, həm də yunan-Roma güləşində çıxış etdin. 18 yaşlı gənc necə bu qərara gəldi?

- Peşəkar olaraq sərbəst güləşlə məşğulam. Amma daha əvvəl "klassik"də mübarizə aparmışam. Bu dəfə özümü yunan-Roma güləşində də sınamaq istədim. Təcrübəmin artmasını istəyirdim.

- Bu görüşlər zamanı problem yaratmır?

- Yunan-Roma ilə müqayisədə sərbəst növdə duruş bir qədər aşağıdan qurulur. "Klassik"də isə başın dik olmalıdır. Yalnız bunda çətinlik yaşadım və başı aşağı güləşirdim. Belə olduqda da hakimlər passiv güləşdiyimə görə xəbərdarlıq edirdilər. İki görüş keçirdim. Birincidə 0:3 hesabı ilə geridə olsam da, "tuş"la qalib gəldim. İkinci görüşüm də pis keçmədi. 4:6 hesabı ilə uduzdum. Gələcəkdə hər 2 növdə çıxış edə bilərəm. Mənə elə gəlir ki, ilk çıxış üçün yaxşı idi. Amma əsasən sərbəstdə mübarizə aparacam.

- Bəs sərbəst növdə çıxışın səni qane etdimi?

- Çempion ola bilərdim. 18 yaşım olmağına baxmayaraq, böyüklər arasında ikinci yerə layiq görüldüm. Məncə, bunun özü də yaxşı nəticədir. Tam formada olsaydım, finalda qalib gələ bilərdim. Bəzi çatışmazlıqlar oldu. Onları aradan qaldırdıqdan sonra daha yaxşı nəticələr əldə edə bilərəm.

- Finalda legioner Hacımurad Maqommedsaidova uduzdun. Səncə çəkində 1 nömrəyə çevrilə biləcəksən?

- Fərq böyük olmadı. 2:4 hesabı ilə uduzdum. Bir qədər vaxtım olsaydı, qalib gələcəkdim. Məncə, daha tez vaxtda 1 nömrə ola bilərəm. Yaş və təcrübə Azərbaycan çempionatında öz sözünü dedi.

- Sərbəst növdə legionerlərin çoxluq təşkil etməsinin səbəbini nədə görürsən?

- Bu, illərdir belədir. Artıq təzə nəsil yetişir. Gələcəkdə onlara çox da ehtiyac qalmayacaq. Bəzi çəkilərdə boşluqlar var. Medal qazanmaq üçün legionerlərə ehtiyac duyulur. Yerli idmançılara daha çox dəstək olsa, yaxşı şərait yaradılsa, beynəlxalq yarışlarda iştirak etsək, yaxşı olar.

- Olimpiya çəki dərəcəsində çıxış edirsən. Gələcək hədəflərin nədir?

- 2 il 92 kq-da çıxış etdim. Yeniyetmə və gənclərdə Azərbaycan çempionu adına yiyələndim. Amma beynəlxalq arenada sözümü deyə bilməmişəm. Yeni çəkimdə 2-ci yarışım idi. Qazaxıstanda Universiadada olduğu kimi, burda da gümüş medal qazandım. Bu çəkiyə keçməyimdə ən böyük səbəbi odur ki, indidən bu çəkidə özümü göstərib gələcəkdə Olimpiya Oyunlarına lisenziya əldə edim. Hədəfim də böyüklər arasında dünya, Avropa və Olimpiya çempionu olmaqdır.

Emin Ağa
İdman.biz

Məqalədə: