İcra başçısının nümayəndəsi Hakimlər Komitəsinə rəhbər təyin olunacaq? - RƏSMİ AÇIQLAMA + YENİLƏNİB

Xəbərlər
13 Oktyabr 2025 15:04
52
İcra başçısının nümayəndəsi Hakimlər Komitəsinə rəhbər təyin olunacaq? - RƏSMİ AÇIQLAMA + YENİLƏNİB

Azərbaycan Güləş Federasiyası Şamaxı şəhər icra hakimiyyəti başçısının nümayəndəsi, beynəlxalq dərəcəli hakim Asif Şirəliyevin yeni təyinatı ilə bağlı məlumatlara münasibət bildirib.

Məsələ ilə bağlı Azərbaycan Güləş Federasiyasından İdman.Biz-ə açıqlama verilib.

Bildirilib ki, federasiyanın əsas məqsədlərindən biri hakimlik sənətinin ixtisaslaşdırılmasıdır:

“Bu sahədə kəmiyyət və keyfiyyətin artırılması, fəaliyyətin daha sistemli qurulması, lisenziyalaşdırma prosesinin təkmilləşdirilməsi nəzərdə tutulub. Hakimlər Komitəsində hər hansı vəzifəyə yeni təyinat həyata keçirilsə, bununla bağlı AGF tərəfindən ictimaiyyətə rəsmi məlumat veriləcək”.

14:35

Şamaxı şəhər icra hakimiyyəti başçısının nümayəndəsi, beynəlxalq dərəcəli hakim Asif Şirəliyev yaxın günlərdə Azərbaycan Güləş Federasiyasının Hakimlər Komitəsinin sədri təyin oluna bilər.

İdman.Biz-in əldə etdiyi məlumata görə, 44 yaşlı Şirəliyev 2008-ci ildən beynəlxalq dərəcəli hakim statusuna malikdir və Tokio, həmçinin Paris Yay Olimpiya Oyunları da daxil olmaqla bir çox nüfuzlu beynəlxalq turnirlərdə ölkəmizi təmsil edib.

Bundan əlavə, Asif Şirəliyev 2021-ci ilin yanvarından Şamaxı şəhərində icra hakimiyyəti başçısının nümayəndəsi vəzifəsində çalışır.

O, İdman.Biz-ə açıqlamasında bildirib ki, hələ ki, federasiya tərəfindən bu barədə heç bir rəsmi qərar qəbul olunmayıb.

Hazırda federasiyanın Hakimlər Komitəsinə 69 yaşlı Qarib Əliyev rəhbərlik edir.

Vüqar Vüqarlı

İdman.Biz