“Bu gecə tarix yazdıq, lakin oyun növbəti dəfə braziliyalıların argentinalılara qarşı təzyiqləri ilə yadda qalacaq”.
İdman.biz xəbər verir ki, bunu Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-nın seçmə mərhələsinin VI turunun Braziliya ilə oyundan sonra deyib.
Albiselestanın Rio-de-Janeroda “Marakana” stadionunda 1:0 hesabı ilə rəqibini məğlub etdiyi matçın startı 30 dəqiqə gecikib. Buna arenada azarkeşlərin öz aralarında və polislə davası səbəb olub. Öncə argentinalı futbolçular münaqişəyə müdaxilə etsə də, daha sonra Messi komandanı meydandan çıxarıb.
Dünya ulduzu bildirib ki, bu cür hallar qətiyyən yolverilməzdir: “Polisin insanları döydüyünü gördük. Ailələrimiz tribunalarda idi. Eyni hadisə Libertadores Kubokunun finalında da baş verib. Futbolçuların fikri demək olar ki, meydanda deyildi. Daha çox tribunada yaşananlardan narahat idilər. Vəziyyəti sakitləşdirmək üçün oynamaq qərarına gəldik. Buna dözmək olmaz, bu, dəlilikdir və dərhal dayandırılmalı idi”.
Qeyd edək ki, Argentina DÇ-2026-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsinə 15 xalla liderlik edir. Uruqvay 13 xalla ikinci, Kolumbiya 12 xalla üçüncüdür. Braziliya isə 7 xalla altıncı pillədə qərarlaşıb.
İdman.biz