“Real Madrid”lə münaqişəsi səbəbindən vəzifəsini itirmək təhlükəsi ilə üzləşən La Liqanın prezidenti Xavyer Tebasla bağlı məsələnin hüquqi müstəvidə necə davam etdiriləcəyi müəyyənləşir.
İdman.Biz “Sport.es”ə istinadən xəbər verir ki, İspaniyanın Ali İdman Şurası (CSD) Tebas barəsində rəsmi araşdırmaya başlanılması imkanını qiymətləndirmək üçün məsələni hüquq şöbəsinə göndərib.
Məlumata görə, La Liqa prezidentinin vəzifədən uzaqlaşdırılması məsələsinin növbəti mərhələyə keçməsi üçün İdman üzrə İnzibati Tribunala (TAD) rəsmi şikayət təqdim edilməlidir. Tebasın gələcək fəaliyyəti ilə bağlı yekun qərar bu qurumun səlahiyyətində olacaq.
Araşdırma ehtimalına Tebasın “Real Madrid”in kommunikasiya strategiyasını və klub televiziyasının fəaliyyətini nasist Almaniyasının metodları ilə müqayisə etməsi səbəb olub.
Madrid klubu həmin ifadələri qəbuledilməz sayaraq etirazını bildirib. Tebas isə “Sevilya” ilə La Liqa matçında azarkeşlərin onun soyadının yer aldığı pankart açmasından sonra “Real Madrid”i manipulyasiyada ittiham edib.
Qeyd edək ki, CSD-nin məsələni hüquq şöbəsinə göndərməsi hələ Tebas barəsində rəsmi intizam araşdırmasının başlanması və ya onun vəzifədən uzaqlaşdırılması demək deyil.
