La Liqanın doqquzuncu turunda “Real Madrid”in “Sevilya” üzərində 4:1 hesablı qələbəsindən sonra tanınmış futbol şərhçisi Derek Reyin qarşılaşmaya hazırlıq prosesi diqqət mərkəzinə düşüb.
İdman.Biz xəbər verir ki, şərhçinin oyun öncəsi hazırladığı əlyazma qeydlərinin fotosu sosial şəbəkələrdə yayılıb.
Demək olar ki, boş yer qalmayan vərəqdə hər iki komandanın futbolçularının adları, forma nömrələri, əvvəlki qarşılaşmalarla bağlı məlumatlar və müxtəlif statistik göstəricilər əks olunub.
Rey qeydlərini qara, göy və qırmızı qələmlərlə aparıb. O, bəzi məlumatları dairəyə alıb, xüsusi əhəmiyyət verdiyi detalları isə fərqli rənglərlə işarələyib.
“Real Madrid” və “Sevilya”nın heyətləri barədə məlumatlar ayrıca bölmələrdə yerləşdirilib. Şərhçinin hər bir futbolçu ilə bağlı qeydlər hazırlaması da diqqət çəkib.
Yayımlanan foto futbol qarşılaşmalarını şərh edən mütəxəssislərin efirə çıxmazdan əvvəl nə qədər ətraflı hazırlıq gördüklərini nümayiş etdirib.
Qeyd edək ki, “Real Madrid” isə matçı 4:1 hesablı qələbə ilə başa vurub.
