“Qalatasaray” UEFA Çempionlar Liqasının liqa mərhələsinin üçüncü turunda Fransanın “Lill” klubu ilə keçirəcəyi qarşılaşmadan əvvəl təhlükəsizlik məsələləri ilə bağlı narahatlıq keçirir.
İdman.Biz Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Fransada baş verən son etiraz aksiyaları səbəbindən UEFA-ya rəsmi müraciət ünvanlamağa hazırlaşır.
Türkiyə klubu səfərə yollanacaq nümayəndə heyətinin və azarkeşlərin təhlükəsizliyinin təmin olunması üçün əlavə tədbirlərin görülməsini istəyir.
Məlumata görə, “Qalatasaray” məsələ ilə əlaqədar Fransanın səfirliyi və Türkiyə Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayır.
Klub qarşılaşmanın başqa stadiona keçirilməsini tələb etmir. Əsas məqsəd matçın keçiriləcəyi ərazidə təhlükəsizlik tədbirlərinin gücləndirilməsidir.
Oxşar tədbirlərin PSJ - “Barselona” görüşü zamanı da tətbiq olunacağı gözlənilir.
Qeyd edək ki, “Lill” – “Qalatasaray” qarşılaşması oktyabrın 21-də Fransadakı “Dekatlon Arena – Pyer Morua” stadionunda keçiriləcək.
