Aslan Kərimov: “Sabah” Dortmund “Borussiya”sını da çətin vəziyyətə sala bilər”

19 Oktyabr 2026 23:59
137
Aslan Kərimov: “Sabah” Dortmund “Borussiya”sını da çətin vəziyyətə sala bilər”

Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimov “Sabah”ın Çempionlar Liqasında Dortmund “Borussiya”sı ilə keçirəcəyi qarşılaşma barədə fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, futbol mütəxəssisi Almaniya təmsilçisinin “Slaviya”dan daha ciddi rəqib olduğunu və Bakıdakı görüşdə fərqli oyun nümayiş etdirəcəyini düşünür.

Kərimovun sözlərinə görə, “Borussiya”nın sürətli əks-hücumları “Sabah” üçün təhlükə yarada bilər. Bununla belə, qonaqların topa daha çox nəzarət etməyə çalışması Azərbaycan təmsilçisinin də əks-hücumlarda qol imkanları qazanmasına şərait yarada bilər.

Sabiq futbolçu “Sabah”ın “Mançester Yunayted” və “Slaviya” ilə görüşlərdə yaratdığı fürsətləri xatırladaraq Dortmund klubuna qarşı da qol vəziyyətlərinin olacağını gözləyir:

“Slaviya” ilə matç tamamilə fərqli idi. Dortmund “Borussiya”sı qarşılaşma isə başqa cür olacaq. Hesab edirəm ki, bu dəfə daha ciddi, daha təşkilatlanmış və daha sürətli oynamağı bacaran rəqiblə üz-üzə gələcəyik. Düzdür, ilk turda səfərdə, deyəsən, “Budyo-Qlimt”ə 0:1 hesabı ilə məğlub olmuşdu. Bildiyimə görə, ilk turda uduzublar. Buna görə də bu dəfə Bakıdan xalla qayıtmağa çalışacaqlar. Almaniya klublarına xas olan bir xüsusiyyət var. Onlar əks-hücumlarda çox güclü oynamağı bacarırlar.

Məncə, sabah diqqət yetirməli olduğumuz məqamlardan biri də budur ki, hücuma keçdiyimiz zaman rəqib bizə ciddi çətinlik yarada bilər. Yəni əks-hücumlar zamanı bizi yaxalaya bilərlər.

Amma mənə elə gəlir ki, bunun əksi də mümkündür. Dortmund “Borussiya”sı Bakıda oynayarkən “Slaviya” ilə müqayisədə daha dominant futbol sərgiləməyə çalışacaq. Çünki topa nəzarət Almaniya komandaları üçün həqiqətən də vacibdir. Belə olan halda bizim əks-hücumlarımız da təhlükəli ola bilər.

Düşünürəm ki, hücum xəttimizin oyunçuları sabah da qol imkanları yaratmağı bacaracaqlar. “Mançester Yunayted”ə də qol imkanları yaratdılar, daha sonra “Slaviya” ilə oyunda kifayət qədər çox qol fürsətimiz oldu. Dortmund “Borussiya”sı ilə qarşılaşma bu baxımdan istisna olmayacaq. Məncə, bu oyunda tam konsentrasiya ilə çıxış edə bilsək, qələbə qazanmaq və ya xal əldə etmək ehtimalımız yüksək ola bilər. Buna görə də bu qarşılaşma futbol azarkeşləri tərəfindən səbirsizliklə gözlənilir”, – deyə Kərimov fanat.az-a açıqlamasında bildirib.

İdman.Biz