“Mançester Siti” maliyyə qaydalarının pozulmasına görə İngiltərə Premyer Liqasından aşağı liqaya düşməsinə səbəb olacaq ağır xal silinməsi cəzası ilə üzləşə bilər.
İdman.Biz “Daily Mail”ə istinadən xəbər verir ki, nəşrin baş idman icmalçısı Oliver Holtun məlumatına əsasən, Premyer Liqa rəhbərliyi klubun apellyasiya şikayətinə baxılması yekunlaşmadan cəzanın elan edilməsinə çalışır. Apellyasiya üzrə qərarın yanvarın sonundan tez açıqlanacağı gözlənilmir.
Mənbələrin sözlərinə görə, “Mançester Siti”dən silinəcək xalların sayı o qədər çox olacaq ki, komandanın "Çempionşip"ə düşməsi riyazi baxımdan qaçılmaz hala gələcək.
Bundan başqa, klub növbəti mövsümdə də əlavə xal silinməsi cəzasına məruz qala bilər. Bu isə Mançester təmsilçisinin "Çempionşip"də daha bir mövsüm qalmasına səbəb ola bilər.
Bununla belə, “Mançester Siti”nin birbaşa İngiltərənin dördüncü divizionu olan İkinci Liqaya göndəriləcəyi barədə iddialar təkzib edilir. Gözlənilən sanksiyanın komandanın ikinci səviyyəli liqaya düşməsi ilə məhdudlaşacağı bildirilir.
Qeyd edək ki, oktyabrın əvvəlində müstəqil komissiya “Mançester Siti”ni 2009–2018-ci illərdə maliyyə qaydalarının pozulması ilə bağlı 115 ittihamdan 114-ü üzrə təqsirli bilib. Klub qərardan apellyasiya şikayəti verib.
Cəza hələ rəsmiləşməyib və yekun qərar açıqlanmayıb.
