Dortmund “Borussiya”sı Çempionlar Liqasında Azərbaycanın “Sabah” klubuna qarşı keçirəcəyi oyuna çətin vəziyyətdə hazırlaşır. Almaniya təmsilçisi ardıcıl üç rəsmi matçda qələbə qazana bilməyib, sıx oyun təqvimi isə komandanın tam hazırlıq keçməsinə imkan vermir.
İdman.Biz Almaniya mətbuatına istinadla xəbər verir ki, “Borussiya”nın idman direktoru Ole Buk Bakıdakı qarşılaşmanın futbolçulardan təkcə fiziki güc deyil, həm də xarakter tələb edəcəyini etiraf edib.
“Azərbaycanda hər şey həm də iradədən asılı olacaq”, - deyə Buk bildirib.
O, komandanın əvvəlki uğursuzluqlardan nəticə çıxarmaq bacarığını nümayiş etdirməli olduğunu vurğulayıb.
Dortmund təmsilçisi artıq üç oyundur qalib gələ bilmir. Niko Kovaçın komandası “Verder”lə heç-heçə edib (2:2), Norveçin “Budyo-Qlimt” klubuna uduzub (0:1) və Berlin “Union”u ilə qolsuz bərabərə qalıb (0:0).
“Borussiya”nın müdafiəçisi Valdemar Anton da uğursuz seriyaya münasibət bildirərək mövcud vəziyyəti komandanın öhdəsindən gəlməli olduğu sınaq adlandırıb.
Sıx oyun qrafiki əlavə çətinliklər yaradır. Almaniya klubu yeddi gün ərzində üçüncü səfər matçına çıxacaq. Norveç səfərindən və Berlindəki qarşılaşmadan sonra futbolçuları Bakıya uzun uçuş gözləyir.
Klub rəhbərlərindən Lars Rikkenin sözlərinə görə, təyyarənin texniki xüsusiyyətləri səbəbindən Azərbaycana uçuş zamanı aralıq enişə ehtiyac yarana bilər. Bununla belə, o, yorğunluğun və səfərlə bağlı çətinliklərin komanda üçün bəhanəyə çevrilməməli olduğunu vurğulayıb.
Heyətdəki vəziyyət də narahatlıq doğurur. Yunanıstanlı futbolçu Konstantinos Karetsas “Union”la matçda topuğundan zədə alıb və onun qarşıdakı görüşdə iştirakı sual altındadır.
Belə vəziyyətdə “Sabah” qonaqlar üçün ciddi sınaq vəd edir. Azərbaycan klubu Çempionlar Liqasının cari mövsümündə keçirdiyi beş ev oyununun hamısında qalib gəlib. Komanda ümumi mərhələnin ikinci turunda Praqa “Slaviya”sını da 2:0 hesabı ilə məğlub edib.
Xatırladaq ki, “Sabah” - “Borussiya” matçı oktyabrın 20-də Bakıda keçiriləcək və saat 20:45-də başlayacaq.
