Spalletti “Latsio” məğlubiyyətdən sonra: “Özüm də təəccübləndim”

19 Oktyabr 2026 06:35
122
Spalletti “Latsio” məğlubiyyətdən sonra: “Özüm də təəccübləndim”

İtaliyanın “Yuventus” futbol komandasının baş məşqçisi Luçano Spalletti A Seriyasının yeddinci turunda “Latsio”ya 0:3 hesablı məğlubiyyətdən sonra komandasının çıxışını sərt tənqid edib.

İdman.Biz “Football Italia” nəşrinə istinadən xəbər verir ki, təcrübəli mütəxəssis açıqlamasında Turin təmsilçisinin rəqibindən bütün komponentlərdə geri qaldığını etiraf edib.

“Bu, şübhəsiz ki, zəif “Yuventus” idi. Komanda oyuna nəzarət edə bilmirdi və hücumları necə qurmaq barədə heç bir ideyası yox idi. Bunu hətta özümüzə izah etmək çətindir”, - deyə Spalletti bildirib.

Baş məşqçi UEFA Avropa Liqasında “Selta Viqo” üzərində 2:1 hesablı qələbədən sonra futbolçuların fiziki cəhətdən bərpa olunmasına şərait yaradıldığını vurğulayıb:

“Cümə günü səhər saat dörddə Viqodan qayıtdıq. Bundan sonra fiziki hazırlıq üzrə mütəxəssislər futbolçuların bərpası ilə məşğul oldular. Heyətdə altı dəyişiklik etdik, lakin həm fiziki, həm də düşüncə baxımından ləng idik. Futbolda rəqibi və topu görürsən, amma reaksiyan gecikirsə, əzmkarlıq və ritm yoxdursa, taktika və oyun sistemi əhəmiyyətini itirir”.

Spalletti “Latsio” ilə görüşdəki çıxışın özü üçün də gözlənilməz olduğunu bildirib.

“Bu oyun məni də təəccübləndirdi. Ona görə ciddi düşünməliyəm. Futbolçularla danışıq tərzimi dəyişməmişəm. Həmişə onlarla yaxşı münasibət qurmağa və ünsiyyət saxlamağa çalışmışam. Bəlkə də komanda ilə münasibətlərimi yenidən təhlil etməliyəm. Əminəm ki, futbolçular özləri də bugünkü çıxışın qənaətbəxş olmadığını anlayırlar”.

Qeyd edək ki, Spalletti “Kalyari”nın baş məşqçisi Fabio Pizakane ilə mübahisəyə görə aldığı cəza səbəbindən “Latsio” ilə qarşılaşmada texniki zonada yer almayıb.

“Yuventus”un son məğlubiyyəti tribunaların da sərt reaksiyasına səbəb olub. Final fitindən sonra azarkeşlər komandanı fitə basaraq narazılıqlarını ifadə ediblər.

Yeddi turdan sonra 11 xal toplayan Turin təmsilçisi A Seriyasının liderindən səkkiz xal geri qalır.

İdman.Biz