Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı

19 Oktyabr 2026 02:48
130
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı

Ukraynanın “Şaxtyor” (Donetsk) futbol komandasının baş məşqçisi Arda Turan Türkiyə millisinin sükanı arxasına keçmək ehtimalı barədə danışıb.

İdman.Biz xəbər verir ki, 39 yaşlı mütəxəssis milli komandanı çalışdırmaq imkanının onun üçün böyük əhəmiyyət daşıdığını, lakin hazırkı klubuna sadiq qaldığını bildirib.

Türkiyə millisi ilə adının hallanması və Ukraynada müharibə şəraitində çalışan klub qarşısında məsuliyyəti barədə verilən suala Turan belə cavab verib:

“Daha əvvəl də vurğuladığım kimi, bəzən verilən sözlər hisslərdən və qərarlardan daha böyük əhəmiyyət daşıyır. Deyə bilərəm ki, qeyd etdiyiniz hər iki amil mənim üçün son dərəcə vacibdir. Eyni zamanda, kluba sonsuz sədaqətim və bağlılığım hər zaman mənimlə olacaq”.

Türkiyəli mütəxəssis hazırda bütün diqqətini “Şaxtyor”dakı fəaliyyətinə yönəltdiyini vurğulayıb:

“Hazırda buradayam və “Şaxtyor” mənə güvəndiyi müddətdə klubuma xidmət etməyə hazıram”.

Qeyd edək ki, Türkiyə millisində baş məşqçi dəyişikliyi gündəmə gəldikdən sonra Arda Turanın adı bu vəzifəyə əsas namizədlər arasında hallanır. Türkiyə mətbuatında federasiya nümayəndələrinin onunla danışıqlar apardığı barədə məlumatlar yayılıb. Lakin mütəxəssisin milli komandaya təyinatı rəsmiləşdirilməyib.

İdman.Biz