“Qarabağ”ın sabiq hücumçusu Juninyo Meksika çempionatında uğurlu çıxışını davam etdirir.
İdman.Biz Braziliyanın “Globo Esporte” nəşrinə istinadən xəbər verir ki, hazırda “Pumas”ın formasını geyinən braziliyalı futbolçu Apertura turnirinin 12-ci turunda “Atlante” ilə qarşılaşmada dubl edib.
Juninyo komandasının 2:1 hesablı qələbəsində əsas pay sahibi olub.
Bununla da 29 yaşlı hücumçu cari turnirdə qollarının sayını səkkizə çatdıraraq bombardirlər siyahısında ikinci pilləyə yüksəlib. Siyahıya 12 qolla venesuelalı Salomon Rondon başçılıq edir.
Braziliyalı futbolçu son üç qarşılaşmada dörd qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. O, cari mövsümdə 15 oyunda səkkiz dəfə fərqlənib.
Juninyo uğurlu çıxışından məmnunluğunu ifadə edib:
“Qol vurduğuma və xüsusilə komandamızın qələbə qazanmasına çox sevinirəm. Son oyunlarda yaxşı çıxış etsək də, istədiyimiz nəticələri əldə edə bilmirdik. Ardıcıl qarşılaşmalarda fərqlənməyim gərgin əməyin və komanda yoldaşlarımın köməyinin nəticəsidir. Ümid edirəm ki, bu tempi davam etdirəcəyik”.
Qeyd edək ki, Juninyo 2023-2025-ci illərdə “Qarabağ”ın formasını geyinib. O, 2025-ci ilin yanvarında Ağdam təmsilçisindən Braziliyanın “Flamenqo” futbol komandasına beş milyon avroya transfer olunub.
2025-ci ildə “Flamenqo” ilə Braziliya çempionluğu və Libertadores Kubokunu qazanan hücumçu 2026-cı ilin əvvəlində eyni məbləğ qarşılığında Meksikanın “Pumas” klubuna keçib.
