“Liverpul”un baş məşqçisi VAR-ın müdaxiləsini tənqid etdi

18 Oktyabr 2026 07:19
91
“Liverpul”un baş məşqçisi VAR-ın müdaxiləsini tənqid etdi

“Liverpul”un baş məşqçisi Andoni İraola İngiltərə Premyer Liqasının yeddinci turunda “Brentford” üzərində 2:1 hesablı qələbə qazandıqları matçda VAR-ın penalti qərarını ləğv etməsinə münasibət bildirib.

İdman.Biz “Liverpul”un rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis epizodda penalti olmadığını qəbul etsə də, VAR-ın müdaxiləsini düzgün hesab etməyib.

“Düşünürəm ki, Danqo Uattara topa toxunub. Məncə, bu, penalti deyil. Amma hesab edirəm ki, VAR belə vəziyyətlərə müdaxilə etməməlidir, çünki bundan sonra aşkar təmas var idi.

Bu mövsüm “Nottingem Forest”lə oyunumuzdakı penalti epizodunu xatırlayıram. O zaman bizə bunun penalti olmadığı, lakin təmas olduğu üçün VAR-ın müdaxilə etməyəcəyi deyilmişdi.

Ona görə də düşünürəm ki, vəziyyətlər çox oxşardır. Mən həmin epizoda canlı baxarkən penalti təyin etməzdim. Təkrar görüntüləri izlədikdən sonra Danqonun topa az da olsa toxunduğunu gördüm. Amma “Nottingem Forest”lə oyunda mənə verilən izaha əsasən, bu, tamamilə eyni vəziyyətdir və VAR-ın müdaxilə etməli olduğunu düşünmürəm”, - deyə baş məşqçi vurğulayıb.

Qeyd edək ki, “Liverpul” səfərdə “Brentford”u 2:1 hesabı ilə məğlub edib. Meydan sahibləri qarşılaşmanı iki futbolçusunun qırmızı vərəqə alması səbəbindən doqquz nəfərlə başa vurublar.

İdman.Biz