Harri Keyn “Bavariya”nın darmadağınını şərh etdi

18 Oktyabr 2026 03:16
90
Harri Keyn “Bavariya”nın darmadağınını şərh etdi

“Bavariya”nın futbolçusu Harri Keyn Bundesliqanın altıncı turunda “RB Leypsiq” üzərində qazandıqları 6:1 hesablı qələbəni şərh edib.

İdman.Biz xəbər verir ki, Münhendəki “Arena Münhen” stadionunda keçirilən qarşılaşmadan sonra ingiltərəli futbolçu komandasının çıxışını yüksək qiymətləndirib.

“Bu, həqiqətən də yaxşı oyun idi. Son iki nəticədən sonra düşünürəm ki, özümüzü göstərmək vacib idi və biz bunu ilk dəqiqədən etdik. Son iki oyunda qol vurmaq və qalib gəlmək üçün kifayət qədər imkanımız oldu, amma istədiyimiz nəticəni əldə edə bilmədik.

Ətrafımızda həmişəkindən daha çox söz-söhbət yaranmışdı. Buna görə də soyuqqanlılığı qorumaq və səhvlərdən qaçmaq vacib idi. Biz də bunu əvvəldən sona qədər bacardıq. Bu, möhtəşəm idi. Belə bir rəqibə altı qol vuranda həqiqətən fəxr etmək olar”, - deyə Keyn bildirib.

Qeyd edək ki, “Bavariya”nın heyətində Luis Dias het-trik edib, Aleksandar Pavloviç, Maykl Olise və Harri Keyn hərəyə bir dəfə fərqləniblər. “RB Leypsiq”in yeganə qolunu isə oyuna əlavə olunmuş vaxtda Maksimoviç vurub.

İdman.Biz