“Barselona”nın prezidenti Joan Laporta futbol üzrə La Liqanın rəhbəri Xavyer Tebasla Madrid “Real”ı arasında yaranmış qarşıdurmaya münasibət bildirib.
İdman.Biz “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbəri Tebası dəstəkləyərək “Real”ın La Liqa və İspaniya futbol qurumlarına münasibətini sərt tənqid edib.
“Bizi narahat edən məsələlərdən danışmaq istəyirəm. Baş məşqçimiz də bunu qeyd edib. Hazırda diqqətimizi yaxşı formada olan və bizimlə birlikdə La Liqada ən yaxşı futbol nümayiş etdirən komandalardan biri sayılan “Betis”lə oyuna yönəltmişik.
“El-Klasiko” barədə danışmağa hələ vaxtımız olacaq. Ancaq demək istəyirəm ki, Xavyer Tebasın La Liqanın prezidenti olması bizim üçün böyük üstünlükdür. Onun belə məsələləri həll etmək üçün kifayət qədər təcrübəsi var. Üstəlik, “Real”ın La Liqaya qarşı hücumlarına müqavimət göstərmək bacarığına malikdir.
Görünür, onlar hər şeyi məhv etmək istəyirlər: La Liqanı, Hakimlərin Texniki Komitəsini. İspaniya Kral Futbol Federasiyasından da narazıdırlar. Ümumiyyətlə, heç nədən razı deyillər”, – deyə Laporta vurğulayıb.
Qeyd edək ki, oktyabrın 25-də La Liqanın onuncu turu çərçivəsində “Barselona” və “Real” üz-üzə gələcəklər.
