“Aston Villa”nın baş məşqçisi Unai Emeri Çempionlar Liqasının liqa mərhələsində “Fənərbağça” ilə keçiriləcək qarşılaşma öncəsi heyətdəki zədəli futbolçuların vəziyyətindən danışıb.
İdman.Biz “Birmingham Mail”ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis yarımmüdafiəçi Leon Qoretskanın oyunun iştirak ərizəsində yer alacağını təsdiqləyib. Müdafiəçi Matteo Rucceri isə bir aydan çox müddətə sıradan çıxıb.
İtaliyalı futbolçu Premyer Liqada “Brentford”la keçirilən və 2:2 hesabı ilə başa çatan görüşün fasiləsində əvəzlənib. Onun yerinə meydana Aaron Van-Bissaka daxil olub.
Emeri digər zədəli müdafiəçi Yan Matsenin də vəziyyətinə aydınlıq gətirib.
“Rucerinin nə qədər müddətə sıradan çıxdığını dəqiq bilmirəm, amma bir neçə həftə oynamayacaq. Bu müddət bir aydan çox olacaq. Matsen də hazırda komandaya kömək edə bilmir. Düşünürəm ki, o, bir neçə gün, yaxud bir-iki həftə ərzində kollektiv məşqlərə qoşula biləcək”, – deyə baş məşqçi bildirib.
Avqustda “Bavariya”dan azad agent kimi transfer olunan Qoretska isə “Fənərbağça” ilə matçda “Aston Villa”nın heyətində debüt edə bilər. Almaniyalı yarımmüdafiəçi yeni klubunda məşqlərə başladıqdan qısa müddət sonra dizindən zədələndiyi üçün indiyədək rəsmi oyuna çıxmayıb.
Emeri komandasının cari mövsümdəki çıxışını da dəyərləndirib:
“İşimizə və inkişafımıza real yanaşırıq. Amma gördüklərimiz hələ kifayət deyil. Futbolçularla çoxlu söhbətlər aparır, görüşlər keçirir, videoları təhlil edir və məşqlərdə çatışmazlıqları aradan qaldırmağa çalışırıq.
Bu mövsüm “Villa Park”da hələ qələbə qazanmamışıq. Sabahkı oyun inkişafımızı göstərmək, futbolçuların özünəinamını artırmaq üçün yaxşı fürsətdir. “Villa Park” bizim üçün xüsusi məkandır. Son dörd ildə onu əsl qalaya çevirmişik və sabah bunu yenidən nümayiş etdirməliyik”.
Qeyd edək ki, “Aston Villa” - “Fənərbağça” qarşılaşması oktyabrın 14-də keçiriləcək. İngiltərə klubu Çempionlar Liqasının ilk turunda səfərdə “Brügge”ni 3:2 hesabı ilə məğlub edib.
