“Yuventus” Kriştianu Ronalduya görə yenidən məhkəməyə üz tutdu - 9,8 milyon avroluq mübahisə

13 Oktyabr 2026 20:01
93
“Yuventus” Kriştianu Ronalduya görə yenidən məhkəməyə üz tutdu - 9,8 milyon avroluq mübahisə

“Yuventus” sabiq futbolçusu Kriştianu Ronaldu ilə ödənilməmiş əməkhaqqı uğrunda hüquqi mübarizəni davam etdirir.

İdman.Biz “Football Italia”ya istinadən xəbər verir ki, Turin klubu portuqaliyalı hücumçuya 9,8 milyon avro ödəmək öhdəliyi yaradan məhkəmə qərarından İtaliyanın Ali Kassasiya Məhkəməsinə müraciət edib.

Mübahisə Ronaldunun 2021-ci ildə “Yuventus”dan ayrılaraq “Mançester Yunayted”ə qayıtdığı dövrə gedib çıxır. COVID-19 pandemiyası zamanı əldə edilmiş razılaşmaya əsasən, İtaliya klubunun futbolçuya təxirə salınmış əməkhaqqı kimi 19,5 milyon avro ödəməyi öhdəsinə götürdüyü bildirilir.

“Ronaldu məktubu” kimi tanınan məxfi sənəd klubun maliyyə fəaliyyəti və pandemiya dövründə futbolçuların maaşlarının ödənilməsi ilə bağlı razılaşmaların araşdırılması zamanı üzə çıxıb.

Portuqaliyalı futbolçu bu iş üzrə artıq iki dəfə öz xeyrinə qərar əldə edib. 2024-cü ilin aprelində arbitraj kollegiyası “Yuventus”un ona 9,8 milyon avro, həmçinin faiz və inflyasiya ilə bağlı əlavə məbləğ ödəməli olduğuna qərar verib. Bu, Ronaldunun ilkin tələb etdiyi məbləğin təxminən yarısıdır.

Bununla belə, arbitraj kollegiyası klubun futbolçunu qəsdən aldatdığını müəyyən etməyib. Həmçinin Ronaldunun 2021-ci ildə İtaliyadan ayrılarkən həmin vəsaiti tələb etmədiyi vurğulanıb.

“Yuventus” qərardan şikayət versə də, 2026-cı ilin yanvarında Turin Əmək Məhkəməsi apellyasiyanı rədd edərək əvvəlki qərarı qüvvədə saxlayıb.

“La Gazzetta dello Sport”un məlumatına görə, klub 2025/2026 maliyyə hesabatında martın 27-də Ali Kassasiya Məhkəməsinə müraciət etdiyini təsdiqləyib. Məhkəmə iclasının keçiriləcəyi tarix hələ müəyyənləşdirilməyib.

“Yuventus” eyni zamanda investorları mümkün maliyyə nəticələri ilə bağlı sakitləşdirməyə çalışıb. Klubun açıqlamasına əsasən, məhkəmə qərarı ilə əlaqədar xərclər hələ 2023/2024 maliyyə ilindən mühasibat hesabatlarında nəzərə alınıb. Buna görə də Turin təmsilçisi hazırkı və gələcək maliyyə hesabatlarına əlavə mənfi təsir gözləmir.

İdman.Biz