Məşhur insayder Fabrizio Romano Lionel Messinin oktyabrın 26-da “Qızıl Top” mükafatını təqdim edəcəyi ilə bağlı yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirib.
İdman.Biz xəbər verir ki, son günlər dünya mediasında argentinalı ulduzun bu ilki “Qızıl Top” mərasimində mükafatı təqdim edəcək şəxslərdən biri olacağı barədə iddialar sürətlə yayılır. Lakin özünün sosial şəbəkə hesabında açıqlama verən Fabrizio Romano bu məlumatı qəti şəkildə təkzib edib:
“Bu, feykdir. Lionel Messiyə hər hansı mükafatı təqdim etmək üçün heç bir rəsmi dəvət göndərilməyib. Üstəlik, onun mərasimdə iştirak edəcəyi hələ ki rəsmi olaraq təsdiqlənməyib”, – deyə insayder qeyd edib.
Qeyd edək ki, sözügedən xəbərin ilk mənbəyi İspaniya jurnalisti Xuan Xesus olub. Onun sosial şəbəkələrdəki paylaşımından sonra digər media qurumları da bu məlumatı tirajlamışdı. Lakin Romano xəbərin tamamilə uydurma olduğunu bildirib.
18:42
Argentinalı futbolçu Lionel Messi 2026-cı ilin “Qızıl top” mükafatının təqdimetmə mərasimində iştirak edə bilər.
İdman.Biz insayder Xuan Xesusa istinadən xəbər verir ki, Messi Londona gələrək nüfuzlu mükafatı yeni qalibə şəxsən təqdim edəcək.
Messi karyerası ərzində səkkiz dəfə “Qızıl top”a layiq görülüb. O, 2009, 2010, 2011, 2012, 2015, 2019, 2021 və 2023-cü illərdə bu mükafatı qazanıb.
Hazırda ABŞ-nin MLS liqasında mübarizə aparan “İnter Mayami”nin formasını geyinən argentinalı futbolçu müntəzəm çempionatın 25 oyununda 23 qol vurub.
“Qızıl top – 2026” mükafatının təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.
