Roberto Karlos və Tiaqo Silva saxta məşqçilik lisenziyaları qalmaqalında

10 Oktyabr 2026 03:07
102
Roberto Karlos və Tiaqo Silva saxta məşqçilik lisenziyaları qalmaqalında

Roberto Karlos, Tiaqo Silva, Felipe Melo və digər tanınmış futbolçuların adları saxta məşqçilik lisenziyalarının satışı ilə bağlı qalmaqalda gündəmə gəlib.

İdman.Biz Braziliyanın UOL nəşrinə istinadən xəbər verir ki, “Flamenqo” və “Palmeyras”ın sabiq futbolçusu Alexandro Mankusonun oyunçulara Argentinanın Məşqçilər Assosiasiyasına (ATFA) aid lisenziyaları müvafiq təlim və imtahanlardan keçmədən əldə etməyi təklif etdiyi iddia olunur.

Dörd məşqçilik lisenziyasından (C, B, A və PRO )ibarət paketin qiyməti təxminən 100 min Braziliya realı (34 min manat) təşkil edib.

Araşdırmada Roberto Karlos, Tiaqo Silva və Felipe Melo ilə yanaşı, Dieqo Luqano, Deyan Petkoviç, Luis Qustavo və Aleks de Souzanın da adları çəkilir.

ATFA Mankusonun qurumla heç bir əlaqəsinin olmadığını və onun təqdim etdiyi sənədlərin saxta olduğunu açıqlayıb.

Mankuso isə məşqçilik lisenziyalarının satışı ilə bağlı ittihamları rədd edib.

İdman.Biz