“Mançester Siti” ağır cəzadan yayınmaq üçün Premyer Liqa ilə danışıqlar aparıb

10 Oktyabr 2026 01:21
79
“Mançester Siti” ağır cəzadan yayınmaq üçün Premyer Liqa ilə danışıqlar aparıb

“Mançester Siti” maliyyə qaydalarının pozulması ilə bağlı araşdırma çərçivəsində İngiltərə Premyer Liqasının rəhbərliyi ilə razılığa gəlməyə çalışıb.

İdman.Biz “Bloomberg”ə istinadən xəbər verir ki, tərəflər müstəqil komissiyanın qərarı açıqlanmazdan əvvəl mümkün razılaşma ilə bağlı danışıqlar aparıblar. Lakin müzakirələr qısa müddətdə nəticəsiz başa çatıb. Klub isə özünü təqsirsiz hesab etdiyini bildirib.

Mümkün razılaşmaya əsasən, “Mançester Siti” Premyer Liqadan kənarlaşdırılmaq və ya çempionluq titullarından məhrum edilmək kimi ağır sanksiyaların əvəzinə böyük məbləğdə maliyyə cəriməsi ödəyə bilərdi. Bununla belə, işin miqyası nəzərə alınaraq belə bir razılaşmanın araşdırmanı tamamilə bağlamayacağı, yalnız onun əhatə dairəsini məhdudlaşdıracağı bildirilir.

Qeyd olunur ki, “Arsenal” və “Liverpul” da daxil olmaqla, Premyer Liqanın digər klubları belə bir razılaşmaya qarşı çıxa bilərdilər.

Xatırladaq ki, müstəqil komissiya daha əvvəl “Mançester Siti”ni bir sıra maliyyə pozuntularında təqsirli bilib. İngiltərə klubu isə qərardan şikayət edib.

İdman.Biz