"Milan"ən yarımmüdafiəçisi Luka Modriç futbolçu karyerasını başa vurduqdan sonra Madrid “Real”ına qayıtmaq istəyindən danışıb.
İdman.Biz xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi “Marca”ya açıqlamasında 13 il formasını geyindiyi kluba qayıtmağın onun arzusu olduğunu bildirib.
“Mən hazırlaşmalı, hansı rolu üzərimə götürə biləcəyimi anlamalı və klubun özünün də bunu istədiyini öyrənməli olardım. Mən orada 13 il keçirmişəm və bacardığım hər şeylə fayda vermək, kömək etmək istərdim. Ora qayıtmaq arzum var”, - deyə Modriç vurğulayıb.
Qeyd edək ki, Modriç 2012-ci ildə “Tottenhem”dən “Real”a keçib. O, Madrid klubunda 597 oyun keçirib, 43 qol vurub və 95 məhsuldar ötürmə edib.
Xorvatiyalı futbolçu “Real”la dörd dəfə İspaniya çempionu, iki dəfə ölkə kubokunun və beş dəfə İspaniya Superkubokunun qalibi olub. Bundan başqa, o, altı dəfə Çempionlar Liqasını, beş dəfə UEFA Superkubokunu və beş dəfə klublararası dünya çempionatını qazanıb. Modriçin aktivində FIFA Qitələrarası Kuboku da var.
