Braziliyalı futbolçu Lukas Beraldo Luis Enrikenin "Paris Sen-Jermen”də onun inkişafına həm meydanda, həm də meydandan kənarda böyük təsir göstərdiyini deyib.
İdman.Biz xəbər verir ki, 2024-cü ildə PSJ-yə qoşulan Beraldo texniki və mental baxımdan əhəmiyyətli irəliləyiş əldə etdiyini bildirib. Onun inkişafı Luis Enrikenin futbolçudan daha irəlidə, dayaq yarımmüdafiəçi mövqeyində də istifadə etməsinə səbəb olub.
“Məni öz qanadı altına aldığı, inkişaf etməyimə kömək etdiyi, təkmilləşdirməli olduğum və hələ də üzərində işlədiyim cəhətləri göstərdiyi üçün ona yalnız təşəkkür edə bilərəm” - deyə Beraldo söyləyib.
Beraldo mövqe dəyişikliyinin ona öz keyfiyyətlərini daha yaxşı göstərməyə imkan verdiyini vurğulayıb:
“Məşqçi məni daha irəli çəkərək dayaq yarımmüdafiəçi mövqeyində yerləşdirdi ki, komandaya töhfə verə bilim, öz oyunumu, nəyə qadir olduğumu və komandaya nə qazandıra biləcəyimi daha yaxşı nümayiş etdirim”.
Braziliyalı futbolçu Luis Enrikenin təsirinin taktiki və texniki göstərişlərlə məhdudlaşmadığını da qeyd edib:
“Meydanda bizə öyrətdiyi hər şeydən əlavə, o, bizə meydandan kənarda da çox şey öyrədir - həyat haqqında, onu necə yaşamaq və hər anın dadını necə çıxarmaq haqqında”.
