Argentina futbol millisinin hücumçusu Lautaro Martines yığmanın heyətində növbəti tarixi göstəriciyə imza atıb.
İdman.Biz xəbər verir ki, 29 yaşlı futbolçu Burkina Faso ilə yoldaşlıq görüşündə fərqlənərək milli komandadakı qollarının sayını 42-yə çatdırıb.
Argentina Buenos-Ayresdəki “Monumental” stadionunda keçirilən qarşılaşmada rəqibini 7:0 hesabı ilə məğlub edib. Lautaro Martines komandasının ilk qolunun müəllifi olub. Görüşdə Niko Pas, Franko Mastantuono, Canluka Prestyanni, Xulian Alvares və Culiano Simeone də fərqlənib, Burkina Fasonun futbolçusu Diallo isə avtoqola imza atıb.
Lautaro Martines Argentina millisində 86 oyunda 42 qol vuraraq Serxio Aqueroya çatıb və yığmanın tarixində ən çox qol vuran futbolçuların siyahısında üçüncü pilləni bölüşür.
Onu yalnız 54 qolla Qabriel Batistuta və 207 oyunda 125 dəfə fərqlənən Lionel Messi qabaqlayır.
