“Barselona” “Mançester Yunayted”in argentinalı müdafiəçisi Lisandro Martinesi heyətinə qatmaq imkanını nəzərdən keçirsə də, futbolçunun transferinə müsbət yanaşmayıb.
İdman.Biz xəbər verir ki, bu barədə futbol agenti Pedro Bravo məlumat verib.
O, Kataloniya klubunun idman direktoru Deku ilə şəxsən danışdığını və 28 yaşlı müdafiəçini təklif etdiyini bildirib.
“Bildiyimə görə, Lisandro nə Dekunun, nə də Hans-Diter Flikin xoşuna gəlir. Mən onu Dekuya təklif etdim. O isə dedi ki, yaxşı futbolçudur, amma bizə uyğun deyil. Söhbət zamanı Martinesin “Mançester Yunayted”lə müqaviləsinin bitməsinə bir il qaldığını və transferin uğurlu ola biləcəyini söylədim. Bu barədə Deku ilə telefonla danışmışıq”, - deyə Bravo vurğulayıb.
Beləliklə, argentinalı müdafiəçinin Kataloniya klubuna keçidi hazırda gündəmdə deyil. “Barselona” müdafiə xəttini gücləndirmək üçün başqa namizədləri nəzərdən keçirir.
Qeyd edək ki, Lisandro Martinesin “Mançester Yunayted”lə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Argentinalı futbolçu cari mövsümdə bütün turnirlərdə 11 oyuna çıxıb və bir qol vurub. “Transfermarkt” onun bazar dəyərini 45 milyon avro (90 milyon manat) qiymətləndirir.
