“Real Madrid” İngiltərənin “Brayton” klubunda çıxış edən sabiq futbolçusu Çema Andresi geri qaytarmaq imkanını nəzərdən keçirir.
İdman.Biz TEAMtalk nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisinin skautları 21 yaşlı dayaq yarımmüdafiəçisinin İngiltərə Premyer Liqasındakı çıxışlarını mütəmadi izləyirlər.
İspaniya klubu “Brayton”un digər futbolçusu Luka Vuškoviçlə də maraqlansa da, əsas diqqət Andresə yönəlib. Madridlilər öz yetirmələrinin inkişafını yaxından izləyir və onların gələcəkdə komandaya qaytarılması variantlarını qiymətləndirirlər.
Lakin mümkün transferin reallaşması asan olmayacaq. “Brayton” gənc yarımmüdafiəçini yüksək qiymətləndirir və xüsusilə qış transfer pəncərəsində onu güzəştli məbləğə satmaq niyyətində deyil.
Andres özü də gələcəkdə “Real Madrid”ə qayıtmaq istədiyini gizlətməyib. Bununla belə, ispaniyalı futbolçu hazırda bütün diqqətini İngiltərə klubundakı çıxışına yönəltdiyini bildirib.
Qeyd edək ki, Çema Andres 2018-2025-ci illərdə “Real Madrid”in sistemində yetişib. O, 2025-ci ildə “Ştutqart”a keçib, 2026-cı ilin sentyabrında isə “Brayton”a transfer olunub.
Yarımmüdafiəçinin İngiltərə klubu ilə müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir.
