İtaliyanın “İnter” futbol klubu “Ştutqart”ın gənc müdafiəçisi Finn Yelçi heyətinə qatmaq istəyir. Lakin Almaniya təmsilçisinin futbolçu üçün müəyyənləşdirdiyi qiymət mümkün transferi çətinləşdirir.
İdman.Biz İtaliyanın “Il Giorno” nəşrinə istinadən xəbər verir ki, “Ştutqart” 20 yaşlı mərkəz müdafiəçisini 60 milyon avroya (114,6 milyon manat) qiymətləndirir.
Milan təmsilçisinin rəhbərliyi futbolçunun potensialını yüksək qiymətləndirsə də, bu məbləğ klubun adətən transferlərə xərclədiyindən çoxdur. Üstəlik, Yelçlə Avropanın digər aparıcı komandaları da maraqlanır.
“Ştutqart” futbolçusunu xüsusilə qış transfer pəncərəsində buraxmaq istəmir. Buna görə “İnter”in almaniyalı müdafiəçini yayda transfer etməyə çalışması daha real görünür.
Yelç cari mövsümdə “Ştutqart”ın heyətində bütün turnirlərdə 12 oyuna çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Gənc futbolçunun Almaniya klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” onun bazar dəyərini 35 milyon avro qiymətləndirir.
