Harri Keyn ikinci “Qızıl top”u hədəfləyir: “Hələ qazanmaq istədiyim çox kubok var”

20 Noyabr 2026 09:08
36
Harri Keyn ikinci “Qızıl top”u hədəfləyir: “Hələ qazanmaq istədiyim çox kubok var”

“Bavariya”nın ulduz hücumçusu Harri Keyn karyerasında ilk dəfə qazandığı “Qızıl top” mükafatı ilə kifayətlənmək niyyətində olmadığını açıqlayıb. İngiltərəli futbolçu növbəti fərdi mükafatı qazanmaqla yanaşı, klub və milli komanda səviyyəsində yeni uğurlar əldə etmək istəyir.

İdman.Biz “Foot Mercato”ya istinadən xəbər verir ki, 33 yaşlı hücumçu ikinci dəfə “Qızıl top”a sahib çıxmaq arzusunu gizlətməyib.

“Əlbəttə, daha bir “Qızıl top” qazanmaq istərdim. Amma bilirəm ki, buna iddialı başqa çox güclü futbolçular da var. Hələ qazanmaq istədiyim çox kubok var. Onların arasında “Bavariya” ilə Çempionlar Liqası, həmçinin İngiltərə millisi ilə titul əldə etmək xüsusi yer tutur”, - deyə Keyn bildirib.

Hücumçu Çempionlar Liqasının Münhen təmsilçisi üçün əsas hədəf olduğunu vurğulayıb. Onun sözlərinə görə, ötən mövsüm PSJ-yə qarşı yarımfinal qarşılaşmalarında mübarizə çox gərgin keçib və komanda bu təcrübədən nəticə çıxarıb.

“Çempionlar Liqası həm mənim, həm də komandamız üçün əsas məqsəddir. Heyətimizdə inanılmaz futbolçular var. Ötən mövsüm PSJ ilə oyunlarda hər şeyi xırda detallar həll etdi. Baş məşqçi və komanda ilə daha bir il birlikdə çalışmaq bizi daha da gücləndirib. Bu mövsümün bizim ilimiz olmasını istəyirik”, - deyə o əlavə edib.

Keyn müsahibəsində 2022-ci ilin “Qızıl top” mükafatçısı Kərim Benzemanı da yüksək qiymətləndirib. İngiltərəli futbolçu fransalı hücumçu ilə oyun üslubunda oxşarlıqlar gördüyünü söyləyib.

“Karim inanılmaz futbolçudur. Mən həmişə onun böyük pərəstişkarı olmuşam. Fiziki xüsusiyyətlərimiz bir qədər fərqli olsa da, oyun zəkası, boş sahələri tapmaq və komanda yoldaşlarımıza kömək etmək baxımından aramızda çoxlu oxşarlıqlar var”, - deyə Keyn bildirib.

O, ötən mövsüm klub və milli komandanın heyətində ümumilikdə 73 qol vurduğunu xatırladaraq, daha geridə oynamağın hücumdakı məhsuldarlığına müsbət təsir göstərdiyini də qeyd edib.

“Bavariya”nın hücumçusu komanda yoldaşı Maykl Olisenin də gələcəkdə “Qızıl top” qazana biləcəyinə inandığını bildirib. Keynin fikrincə, fransalı futbolçu bunun üçün lazım olan keyfiyyətlərə malikdir.

Qeyd edək ki, Harri Keyn oktyabrın 26-da Londonda keçirilən mərasimdə 2026-cı ilin “Qızıl top” mükafatına layiq görülüb.

İdman.Biz